Mövzular

Peyğəmbərimiz (s.ə.v)-in dilindən cənnət

İnsan, dünyada nəfsinin pisliklərinə qalib gəlib ömrünü Allahın razı olacağı şəkildə keçirməklə məsuldur. Bunun üçünsə ona təxminən 60-70 il kimi çox az müddət verilmişdir. Allah, rizasını qazanan qulları üçün dünyadakı bu qısa həyatın ardınca əbədi və bənzərsiz bir həyat yaratmışdır. Dünyadakı bu ömür göz açıb yumana qədər sürətlə tükənib keçir. Bu müddət ərzində səbirli, həmişə gözəl əxlaqlı və Allahın səmimi bir qulu olan kəslər, axirətdə çox böyük mükafatla, yəni əbədi cənnət həyatı ilə qarşılaşacaqlar. Şübhəsiz ki, bu Rəbbimizin qullarına olan lütfkarlığının, rəhmətinin və sevgisinin çox mühüm təcəllasıdır.
Allah hər insanı, hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq və bunları çox arzulayacaq ruh ilə yaratmışdır. Bu səbəblə də insan, həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə nail olmağı həmişə çox istəyər. Həmişə gözəllik və nemət axtarar. Lakin bunu nə qədər çox istəsə və bunun üçün nə qədər çox səy göstərsə də, dünyada heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əskik şəkildə yaratmışdır.
Əlbəttə ki, Allahın belə yaratmasında bir çox hikmət var. Çünki; "o Allah ki, yaradandır, (ən gözəl şəkildə) qüsursuzca var edəndir, “forma və surət” verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edir. O, Əzizdir, Hakimdir" (Həşr surəsi, 24), ayəsiylə bildirildiyi kimi, Allah mükəmməl yaradır. Rəbbimiz hər şeyə və hər istədiyini yaratmağa qadirdir. Dolayısilə dünyadakı bu çatışmazlıqların bir məqsədi var. Rəbbimizin bu cür yaratmasının hikmətlərindən biri, insanın cənnətin varlığını qavraması və bunun üçün səmimi səy göstərməsini təmin etməkdir.
Allah insanın fitrətini təkcə cənnətdə rahatlıq tapa biləcəyi və nəfsinin istəklərini təkcə burada təmin edə biləcəyi şəkildə yaratmışdır. Quranın bir çox ayəsində bu həqiqət insana bildirilmişdir. Əsil həyatını cənnətdə yaşayacağını, buna görə də, bütün səyini sonsuz gözəlliklər yurdu olan cənnətə qovuşmağa yönəltməsini xatırlatmışdır. Bu mövzudakı Quran ayələrindən bəziləri belədir:

Bu dünya həyatı əyləncə və oyundan başqa şey deyildir. Axirət yurdu isə əsil həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)
Həqiqət budur ki, əbrar olanlar (yaxşılar, dürüst olanlar), əlbəttə, nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü, xalis şərabdan içirdiləcəkdir. Onun sonu müşkdür. Buna görə də yarışmaq istəyənlər, bunun üçün yarışsınlar! (Mutaffifin surəsi, 22-26)
Allah istədiyinin ruzisini artırar və azaldar. Onlar dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı axirətdəki əbədi xoşbəxtliklə müqayisədə müvəqqəti faydadır. (Rad surəsi, 26)
Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı var. (Qaf surəsi, 35)
Peyğəmbərimiz (s.ə.v) də bir hədisində dünya həyatı ilə müqayisədə cənnətin insan üçün necə böyük nemət olduğunu belə bir nümunə ilə açıqlamışdır:
Cənnətdə, yay qədər bir yer, Günəşin üstündə doğduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir. [Kütüb-i Sitte-14, səh. 429/2]
İnsan, bu mövzuda heç bir məlumata sahib olmasa belə, dünyanın əskikliklərini və nəfsindəki, nemətlərə qarşı olan arzu hissini bir qədər düşündüyü təqdirdə, bu həqiqəti asanlıqla dərk edə biləcək. Çünki Allah, dünya həyatının həqiqi həyat olmadığının başa düşülməsindən ötrü insan üçün bir çox dəlil yaradır. İnsan demək olar ki, hər gün ilk növbədə öz vücudunda olmaqla, dünya həyatının əskiklikləriylə qarşılaşır. Təkcə həyatda qala bilmək üçün belə, çox sayda tədbir görmək məcburiyyətindədir. Ən kiçik etinasızlıq etdikdə xəstəliklər, yaralanma halları və hətta ölümlə də üzləşə bilir. Ömrünün böyük hissəsini vücudunun acizliklərini aradan qaldırmağa ayırar. Lakin bütün bu səyə baxmayaraq, keçən illərlə birlikdə vücudu xeyli korlanar. İnsan vücudu kimi, ən gözəl çiçəklər belə vaxt keçdikcə solar; ən gözəl rəngli, ən xoş qoxulu çiçəklər, lalələr, bənövşələr çürüyüb məhv olar. Ən ləzzətli və ən təzə görünən meyvələr, tərəvəzlər qısa müddətdə çürüyüb yeyilə bilməyəcək hala gələr. Ən ehtişamlı evlər, əşyalar, avtomobillər vaxt keçdikcə köhnələr, dağılıb gedər.
Bu sayılanlar insanın dünyada təmasda milyonlarla əskiklikdən yalnız bir neçəsidir. Lakin təkcə bunlar belə, insanın arzuladığı əsil yerin dünya olmadığını başa düşməsi üçün kifayətdir.
İnsan, bütün bu əskikliklər qarşısında daxilən, həmişə mükəmməl olan, bu əskikliklərin heç birinin olmadığı bir dünyada yaşamaq istəyər. Xəstəliklərin, ölümlərin, müharibələrin, döyüşlərin, pisliklərin, əskikliklərin, çətinliklərin heç yaşanmadığı bir dünyada yaşamağı arzulayar. Bu məqsədlə də, heç bir problemin yaşanmadığı xoşbəxt bir həyatı, dünya şərtlərində meydana gətirə bilməyin yollarını axtarar. Halbuki, Allah Quranda insanlara bu həyatı təkcə cənnətdə yaşaya biləcəklərini bildirmişdir. İnsanın bunun üçün etməsi lazım olan şey isə olduqca asandır: Rəbbimizin rizasına uyğun bir həyat yaşamaq. Bundan sonra da (Allahın təqdiriylə) arzuladığından və xəyal edə bildiyindən xeyli üstün, mükəmməl və əbədi xoşbəxtliklə dolu bir həyatla qarşılaşacaq.
İnsanın axtardığı, arzuladığı, sevdiyi hər şeyin yalnız cənnətdə olduğunu başa düşməsi üçün, Allah Quranda cənnət nemətləri haqqında bir çox məlumat vermişdir. Kitabın sonrakı hissələrində Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-in hədisləri istiqamətində Rəbbimizin bizim üçün hazırladığı bu bənzərsiz nemətləri bir-bir sadalayacağıq.
Həmçinin İncildəki, Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə uyğunlaşan sözlərə də yer verəcəyik. Quran ayələrində bizə İncilin zaman keçdikcə təhrif edildiyi, buna görə də, içində müxtəlif yanlış inancların olduğu bildirilir. İndiki vaxtda mövcud olan İncildə haqq hissələr ola biləcəyi kimi insanlar tərəfindən əlavə olunmuş səhv məlumatlar da vardır. Bu səbəblə də İncildə olan açıqlamaları Quran ayələriylə və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə uyğun olduqları ölçüdə qiymətləndirmək lazımdır.
Bu saytda da bu meyar nəzərə alınmış və İslami mənbələrə uyğun olan İncildəki bəzi açıqlamalara yer verilmişdir. Bu kitabın qarşıya qoyduğu məqsədlərdən biri, insanlara əsil həyatın dünyada deyil, cənnətdə yaşanacağını, nəfslərinin arzuladığı gözəlliklərin dünyada deyil, cənnətdə olduğunu xatırlatmaqdır. Daha əvvəl heç düşünməsələr belə, ruhlarında mükəmməlliyə qarşı olan arzuları təmin edə biləcək yeganə həyatın cənnətdə olduğunu qavramalarına kömək etməkdir.
Digər bir məqsəd isə insanların cənnətin bənzərsiz gözəlliklərini, əbədiyyən davam edəcək zövqlərini dərindən düşünmələrini təmin etməkdir. Çünki həm Quran ayələri, həm də Peyğəmbərimiz (s.ə.v)-in hədisləri, bizə bir çox insanın daha əvvəl heç düşünməmiş ola biləcəyi cənnət nemətləri barədə xəbər verir. Cənnətdəki ehtişamın, tükənməz nemətin və yaşanılacaq gözəl həyatın başa düşülməsi, insanların cənnətə qovuşma arzularını və bu həyatı qazanmaq üçün göstərəcəkləri səyi artıracaq. Allahın sonsuz rəhmətinə və bənzərsiz nemətlərinə layiq ola bilmək üçün böyük şövq və əzmlə xeyrlərdə yarışmalarına vəsilə ola biləcək.
Əlbəttə ki, kitab boyunca təsvir ediləcək cənnət, insan ağlının və məlumatının qavrayışıyla məhdudlaşır. Əslində Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə təsvir etdiyi cənnətin mükəmməlliyi və gözəlliyi, insanın dünyada özünə verilən ağılla qavraya biləcəyindən və düşünə biləcəyindən xeyli üstün və bənzərsizdir. İnsan cənnətə aid gözəllikləri, təkcə dünya həyatında bildiyi nemətlərlə müqayisə edib, bunlarla eyniləşdirərək başa düşə bilir. Lakin Rəbbimizin orada saleh bəndələri üçün hazırladığı nemətlərin gözəlliyi, həqiqi halı ilə yalnız axirətdə qavranıb yaşanıla biləcək. İnsanın ruhu təkcə orada bunlardan zövq ala biləcək. Bunun bir hikməti isə Rəbbimizin bütün bu nemətləri və gözəllikləri yalnız iman gətirən qullarına verməsidir. Allah inkar edənləri cənnət nemətlərindən məhrum etmişdir. Ayələrdə cənnətə girə bilməyən kəslərin axirətdə hədsiz dərəcədə cənnətə daxil olmağı arzulayacaqlarından və yaşayacaqları böyük peşmanlıqdan bəhs edilir. Bu kəslər həsrətlə cənnəti xatırlayacaq, əbədiyyən böyük peşmanlıqla cənnətə girməyi arzulayacaqlar. Əlbəttə ki, onlar da dünya həyatında cənnətin varlığından, oradakı gözəlliklərdən xəbərdar olmuş lakin bu həqiqəti görməzlikdən gəlmişlər. Nəfslərindəki bu istəyi dünya həyatında təmin edə biləcəklərini düşünərək var gücləriylə dünyaya yönəlmişlər.
Ümid edilir ki, bu kitabda izah edilənlər, belə böyük yanılmaya qapılan insanların həqiqi həyatın axirətdə yaşanacağını başa düşmələrinə və həyatlarını, Rəbbimizin rizasını qazanaraq keçirmələrinə vəsilə olar. İman gətirənlərin isə cənnətə qovuşma arzularını, şövq və əzmlərini artıraraq Allahın ən sevdiyi qullarından ola bilmək üçün xeyirlərdə yarışmalarını təmin edər.