Mövzular

Cənnətdə istənilən hər şeyin olması

Kainatda mövcud olan hər şey Allahın sonsuz gücünü və sonsuz ağlını əks etdirir. Allah dünyada imtahanın bir tələbi olaraq hər şeyi bir qanun əsasında yaradır və bütün olub bitənləri insan ağlının qavraya biləcəyi məqbul səbəb-nəticə əlaqələri içində göstərir. Buna görə insanlar bir meyvə gördükləri vaxt bunun bir toxumdan əmələ gələn ağacın müəyyən vaxtdan sonra verdiyi meyvə olduğundan şübhə etməzlər. Əlbəttə ki, Allahın qanununa görə meyvənin dünyadakı mövcud olma səbəbi budur, lakin unutmamaq lazımdır ki, Allah istədiyi təqdirdə bütün kainatı səbəblərdən asılı olmadan da yarada bilər.
Allah istədiyini istədiyi formada və zamanda, nümunəsiz olaraq yaradan və heç nəyə ehtiyacı olmayandır. Dolayısilə Allahın yaratması üçün heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərdən, təbiət qanunlarından asılı olması insanları təəccübləndirməməlidir. Allah bütün bu səbəblərin yaradıcısı olub, bunlardan tamamilə uzaqdır. Necə ki, cənnətdə hər şey səbəbsiz olaraq yaradılacağı üçün ağacdan qopan meyvənin yerinə dərhal yenisi gələcək, heç bir azalma olmayacaq. Səbəbləri də, nəticələri də yaradan Allahdır. Məsələn, bir ağacın kölgəsinə baxdığımız vaxt, bu kölgənin yaranma səbəbinin Günəş şüalarının əks olunma bucağı olduğunu bilərik. Kölgə Günəşin nəticəsidir, lakin Günəşi kölgənin yaranmasına səbəb edən Allahdır. Bu vəziyyət bir ayədə belə bildirilir:

Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik. Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik. (Furqan surəsi, 45-46)
Dünyadakı hər şeyi bu şəkildə səbəb-nəticə əlaqəsi içində yaratması Allahın sənətidir və Rəbbimizin bu təcəllaları sonsuzdur. Allah hər şeyi istədiyi anda, istədiyi şəkildə yarada bilər və ya istədiyi hər formaya sala bilər. Kainatı yoxdan yaradan Allah, istədiyi vaxt da dünyada qavramağa çalışdığımız qanunları və səbəbləri aradan qaldıracaqdır. Saleh müsəlmanlar cənnətdə ağıllarına gələn, xoşladıqları hər şeyi istəyə biləcək, istəmələriylə yanaşı Allahın icazəsi ilə bunlara dərhal sahib olacaqlar. İstər özləri, istərsə də ətrafları istədikləri forma və surətdə olacaq, istədikləri hər şeyi edib, ən zövq alacaqları nemətlər içində yaşayacaqlar. Üstəlik bunların heç biri bir ehtiyacı ödəmək, bir çatışmazlığı aradan qaldırmaq, bir qüsuru örtmək məqsədiylə olmayacaq, yalnız Allahdan bir nemət və gözəllik olaraq cənnət əhlinin zövq almaları üçün olacaq (doğrusunu Allah bilər).
Bu mövzuda hədislərdə verilən nümunələrdən bir qismi belədir:
Bir insan Rəsulullah əleyhissalatu vəssəlama: "Cənnətdə at vardırmı?" deyə sual verdi. Əleyhissalatu vəssalam da:
"Allah səni cənnətə qoyduğu təqdirdə, orada qırmızı yaqutdan olan bir at üstündə gəzmək istəsən, o səni istədiyin hər yerə uçurub aparacaq" deyə buyurdu. Bundan sonra başqa biri də:
"Cənnətdə dəvə vardırmı?" deyə sual verdi. Lakin əleyhissalatu vəssalam bu insana əvvəlkinə dediyindən fərqli bir şey dedi. Belə buyurdu:
"Əgər Allah səni cənnətə qoysa, orada ürəyinin istədiyi hər şey, gözüyə xoş gələn hər şey olacaq". [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 431/14]
Hədisdə bildirilən "ürəyinin istədiyi hər şey, gözüyə xoş gələn hər şey" bizim dünyadakı baxış prizmamızla, təxəyyül gücümüzlə məhdudlaşmır. Allah Quranda; "...orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız" (Zuxruf surəsi, 71) ayəsiylə bu nemətlərin bolluğuna diqqət çəkmişdir. Bu mövzuyla əlaqəli olan digər ayələr isə belədir:
                            
...Orada nəfsinizin arzuladığı və istədiyiniz hər şey sizindir. (Fussilət surəsi, 31)
...Onlar nəfslərinin arzuladıqları (saysız nemət) arasında əbədi qalacaqlar. (Ənbiya surəsi, 102)
Hamımızın dünyada istəyib də, bəzən vaxt ayıra bilməməkdən, bəzən də riskli olmasından ötrü edə bilmədiyimiz bir çox şey var. Məsələn, bəziləri üçün avtomobil və ya motosikleti yüksək sürətlə idarə etmək həyəcan verici bir zövq ola bilər, bəziləri isə uzun müddət suyun dərinliklərinə dalmaq və ya yüksək dağlarda xizək sürmək, paraşütlə yüzlərlə metr hündürlükdən tullanmaq kimi təhlükəli idmanlar etmək istəyə bilər. Lakin bütün bunlar insanın həyatını təhlükə altına salan idman növləridir.
Bir çox insan da professional surətdə musiqi aləti çala bilmək, rəsm çəkə bilmək kimi xüsusi qabiliyyətlərə sahib olmaq istəyə bilər. Bu kimi şeylər qabiliyyətlə yanaşı, bəzi hallarda bilik və uzunmüddətli təhsil tələb edir. Cənnətdəki biri isə istədiyi hər şeyə sahib ola biləcəyi üçün istədiyi anda heç bir səy göstərmədən, qabiliyyət kimi bir səbəbdən asılı olmadan belə bir imkana sahib ola bilər (doğrusunu Allah bilər).
Bir hədisdə cənnətdəki istəklərin sonsuzluğu belə vurğulanmışdır:
Rəbbi də belə buyuracaq: "...Bura, sizə bolluca nemət verəcəyim bir yerdir. Məndən nə istəyirsinizsə istəyin!"
Ondan razılıq istəyəcəklər. O da belə buyuracaq: "Onsuz da sizi bura yerləşdirən Mənim razılığımdır. Sizə daha bolluca nemət verəcəyəm, istəyin!"
Arzuları bitənə qədər dayanmadan istəyəcəklər.
Quran ayələrində və hədislərdə cənnətdə Allahın istəməsi ilə nəfsin arzuladığı hər şeyin mümkün olacağı bildirilir. Dolayısilə insanların təkcə xəyal edə biləcəkləri, lakin dünyada reallaşması mümkün olmayan şeyləri yaşamaları da mümkün ola bilər. Məsələn, at üstündə uçmaq dünya şəraitində qeyri-mümkündür, lakin hədislərdə diqqət çəkildiyi kimi bu da Allahın istəyi ilə cənnətdə mümkündür. Bir hədisdə istəyən insanın uça biləcəyindən belə bəhs edilir:
Əgər sənə cənnətə girmək nəsib olsa, "qırmızı yaqutdan bir ata minim" desən minərsən. "Uçum desən uçarsan". [Ramuz el-Ehadis-1, səh. 149/5]
Digər bir hədisdə isə cənnətdəki nemət bolluğu haqqında Peyğəmbərimiz (s.ə.v) belə buyurub:
"Allah belə buyurdu: "Mən şanı böyük olan Allah, saleh bəndələrim üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi, insanın təsəvvüründən və ağlından heç keçməyən nemətlər hazırladım". [(Buhari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 4419/1]

 

Cənnətdə istənilən şeylərin dərhal olması

Dünyada gözəl bir yemək istəyən kəs, bunun üçün zəhmət çəkməli və vaxt sərf etməlidir. Heç bir səy göstərmədən, hələ ağlından keçirdiyi anda bu yeməkləri qarşısında hazır vəziyyətdə görmə ehtimalı isə nəfsinin çox xoşlayacağı şeydir. Lakin bu dünya şəraitində qeyri-mümkündür. Lakin vəd edilən cənnət mühitində satın almaq, zəhmət çəkmək və vaxt sərf etmək kimi bir çox səbəb və mərhələ aradan qalxaraq, nemətlər insanın ən çox xoşlayacağı şəkildə təqdim edilər. Bir hədisdə bu vəziyyət belə bir nümunə ilə nəql edilmişdir:
Cənnətdə sənin ürəyin quş əti istəyəcək. Dərhal qızardılmış halda qabağına gətirilib qoyulacaq. [Büyük Hadis Külliyatı-5, səh. 414/10123]
Bir rəvayətdə Peyğəmbərimiz (s.ə.v)-in belə bir hədisi xəbər verilir:
...O insanın ağlına quş ətindən yemək gələr və beləliklə də dərhal müxtəlif ət yeməkləri halında onun qabağına çatar. Cənnət əhli ondan istədiyi qədər yeyər. Doyduğu vaxt quşun sümükləri toplanar, sonra da uçar və istədiyi kimi qidalanmağa başlayar. [Tezkire-i Kurtubi-1, səh. 58]
Eyni zamanda cənnət mühitindəki biri, istədiyi hər şeyi edə biləcəyi üçün hədisdə də bildirildiyi kimi istədiyi təqdirdə işə ehtiyacı olmadığı halda, zövq üçün əkinçiliklə də məşğul olması mümkündür:
Peyğəmbərimiz (s.ə.v)-in səhrada yaşayan bir insanla danışarkən, suallarına belə cavab verdiyi rəvayət olunur:
Bir insan (cənnətdə) əkinçiliklə məşğul olmaq üçün Rəbbindən icazə istəyəcək. Rəbbi isə ona: "Sən istədiyin vəziyyətdə deyilsənmi?deyəcək. O da belə deyəcək: "Bəli. Lakin, mən əkinçiliklə məşğul olmağı sevirəm". Ona icazə veriləcək, dərhal toxum əkəcək bir anda cücərəcək, böyüyəcək, dənələri sünbüllərdən ayrılıb, dağlar kimi məhsul yığılacaq... [(Buhari), Büyük Hadis Külliyatı-5, səh. 413/10119]

 

İstənildiyi kimi surət dəyişdirə bilmək

İnsanlara üzləri və fiziki görünüşləriylə əlaqədar seçim imkanı verilsə, şübhəsiz ki, hər kəs qüsursuz görünüşə sahib olmağı istəyər. Çünki insan ruhu gözəllikdən zövq alacaq şəkildə yaradılmışdır və həmişə ən qüsursuz olanı, ən mükəmməl olanı axtarar. Ən kiçik bir təfərrüatdakı qüsur belə gözünə çarpar, diqqətini çəkər. Lakin insan axtardığı qüsursuz gözəlliyi heç vaxt dünyada tam olaraq tapa bilməz. Bir insan dünyanın ən gözəl insanı da olsa, onun qaçılmaz surətdə yaşadığı acizliklər, xəstəliklər və ən əhəmiyyətlisi də bir gün öləcək olması onun bu gözəlliyinə kölgə salar. Çünki imtahanın bir tələbi olaraq dünyada demək olar ki, hər şey çatışmazlıq və qüsurlarla birlikdə yaradılmışdır. Bu çatışmazlıq və qüsurların insanların axirətə yönəlmələri və cənnət həyatını arzulamaları baxımından çox böyük xeyir və hikmətləri vardır. İnsanın xoşladığı qüsursuzluğun və gözəlliyin həqiqi yeri isə cənnətdir.
Allah insanı cənnətdə qüsursuz gözəllikdə və ən xoşlayacağı surətdə yaradacaq. Üstəlik bu gözəllik təkcə bir surətlə məhdudlaşmır. Üstün güc sahibi olan Rəbbimiz olan Allah cənnətdəki bəndələrinə istədikləri vaxt istədikləri surəti seçə biləcəkləri bir imkan verəcək, beləliklə də, cənnət əhli hər istədiyi vaxt fərqli gözəlliyə sahib ola biləcək.
Peyğəmbərimiz (s.ə.v) möminlərin cənnətdəki bazarlarda bəyəndikləri surətə girəcəklərini bir hədisində belə xəbər verir:
Cənnətdə bir bazar vardır. Lakin orada nə alış, nə də satış vardır. Yalnız kişi və qadın surətləri vardır. İnsan bu surətlərdən hansına girmək istəsə girə bilər. [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 434/17]

 

İstəyən insanın uşaq sahibi olması

Bir kəs uşaq sahibi olmaq istəsə, bu da yenə cənnətə uyğun asanlıq və mükəmməllik içində baş verər:
Mömin cənnətdə uşaq sahibi olmaq istədiyi vaxt; onun hamilə qalması, doğması və uşağının bir yaşının tamam olması bir anda baş verər. [Tezkire-i Kurtubi-1, səh. 55]
Bundan başqa cənnətdə uşaqların vəziyyəti ilə əlaqədar hədislərdə bunlar bildirilir:
Möminlərin övladları cənnətdəki bir təpədədir. Onlar, qiyamətə qədər İbrahim (ə.s) ilə arvadı Saranın tərbiyəsi altındadırlar. [Ramuz el-Ehadis-1, səh. 73/2]

 

Gecənin olmaması

Gecə dünya həyatında insanlar üçün dincəlmə vaxtı olaraq yaradılmışdır. Cənnətdə yatmağa və dincəlməyə ehtiyac qalmayacağı üçün, gecənin qaranlığına da ehtiyac qalmayacaq. Cənnətdə gecənin olmadığı hədislərdə belə bildirilir:
Cənnətdə gecə yoxdur. O, işıq və nurdan ibarətdir... [Ramuz el-Ehadis-2, s.əh 366/4]

 

Yuxunun olmaması

Yuxu insanın dünyada yaşadığı acizliklərdən biridir. Bütün insanlar yuxuya ehtiyac duyacaq şəkildə yaradılmışdır və nə qədər istəsələr də buna qarşı müqavimət göstərə bilməzlər. Üstəlik bədən yuxusuz qaldığı təqdirdə, həm xəstəliklərə qarşı müqaviməti azalar, həm də yorğun kimi görünər. Eyni zamanda yuxuya ayrılan vaxt da az hesab edilə bilməyəcək qədər çoxdur. İnsan ömrünün təxminən üçdə bir hissəsini yuxuda keçirər. Bu həmçinin dünya həyatında onsuz da qısa olan ömrünün çox böyük hissəsini müəyyən mənada ölü kimi keçirdiyi mənasını verər. Necə ki, Quranda; "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alar. Ölümünə hökm veriləni(n ruhunu) saxlayar, digərini isə müəyyən olunmuş vaxtadək buraxar. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır..." (Zumər surəsi, 42) ayəsiylə yuxunun bir növ ölüm olduğu xəbər verilmişdir. Lakin cənnətdə yuxu və yorğunluq kimi acizliklər yoxdur. Allah; "onlara orada heç bir yorğunluq toxunmayacaq..." (Hicr surəsi, 48) ayəsiylə bu həqiqəti bəndələrinə bildirmişdir. Bir hədisdə isə cənnətdə yuxunun olmadığı belə qeyd olunmuşdur:
Peyğəmbər səllallahu əleyhi və səlləmdən: "Cənnət əhli yatarmı?" deyə soruşdular. O belə buyurdu: "Yuxu, ölümün qardaşıdır. Cənnət əhli yatmaz". [Büyük Hadis Külliyatı-5, səh. 414/10125]

 

Mübahisənin olmaması

Cənnət əhlinin ən mühüm xüsusiyyətlərindən biri də əxlaqlarının çox gözəl olmasıdır. Bir hədisdə cənnətdəki möminlərin əxlaqlarının gözəlliyinə belə diqqət çəkilmişdir:
Mən cənnət bağçalarında, cənnətin üst və alt tərəfində yerləşən bir köşkə bu insan üçün zaminəm ki, o haqlı olduğu halda mübahisəni tərk edər, zarafat üçün də olsa yalan danışmaz və insanlar(a nümunə olması) üçün əxlaqını gözəlləşdirər. [Ramuz el-Ehadis-1, səh. 152/6]
Vicdanından istifadə edən, Allahdan qorxub çəkinən kəslərin olduğu bir mühitdə hər kəs rahat olar. Gözəl əxlaqın yaşanmadığı bir yerdə isə mübahisə, qısqanclıq, döyüş, qəzəb, kin, istehza, küsəyənlik hakimdir. Quran əxlaqından uzaq yaşayan kəslər, bu pis əxlaq xüsusiyyətlərindən ötrü, öz əlləriylə cəhənnəmi xatırladan bir mühit meydana gətirərlər. Hüzurlu, xoşbəxt, təhlükəsiz bir mühit içində dostcasına, qardaşcasına, tolerantlıqla yaşaya biləcəkləri halda, dünyəvi ehtirasların arxasınca qaçıb, öz istək və ehtiraslarına qapılaraq çox böyük nemət itkisinə məruz qalarlar. Müsəlmanlar üçünsə dünyada səbirli, etidallı, ağıllı, məntiqli, stabil, bağışlayıcı, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmağın verdiyi dərin imani zövq vardır. Bir mömin bu gözəl xüsusiyyətləri özündə gördükdə ayrı həzz alar, başqa möminlərdə gördükdə bunlardan da ayrı zövq alar. Əbədiyyən davam edəcək bu məmnunluq, zövq və gözəlliklər cənnətdə də artaraq davam edər. Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən birində cənnətdəki bu mühit belə təsvir edilir:
...Ürəkləri, tək bir nəfərin ürəyi kimidir. Aralarında mübahisə, düşmənçilik yoxdur... [Kütüb-i Sitte-14, səh. 449/3]
Buna bənzər digər bir hədisdə isə cənnət əhlinin əxlaqından belə bəhs edilir:
Onların əxlaqı tək bir insanın əxlaqı kimidir. [Tezkireti'l Kurtubi, səh. 329/579]
Necə ki, Allah Quranda cənnətinə layiq gördüyü mömin bəndələri üçün; "Biz onların köksündəki kin-küdurəti çıxartdıq. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşdırlar" (Hicr surəsi, 47) deyə buyuraraq, onların yaşadıqları mehriban və səmimi dostluğa diqqət çəkir.

 

Kədər və sıxıntı kimi mənfi halların olmaması

Kədər, sıxıntı kimi insanlara əzab verən ruh halları din əxlaqından uzaq yaşayan kəslərdə tez-tez müşahidə olunar. Allahın hər şeyi bir tale əsasında, xeyirlə yaratdığını görmək istəməyən bu kəslər xoşagəlməz hal, çətinlik kimi görünən hadisələr qarşısında qorxu və təşvişə qapılarlar. Allaha təvəkkül etmədikləri üçün sıxılar, heyiflənər, hətta sağlamlıqlarına zərər gələcək dərəcədə xeyli kədərlənərlər. Halbuki insan özü üçün nəyin xeyir, nəyin şər olacağını bilməz, təkcə Allah bilər. Bir ayədə bu həqiqət belə bildirilir:
...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilər, lakin siz bilməzsiniz. (Bəqərə surəsi, 216)
Dünyada çətinlik, sıxıntı kimi görünən bir vəziyyət axirətdə insanın cənnətə qovuşmasına vəsilə olacaq gözəlliyə çevrilə bilər. Bunu dərk edən möminlər, dünyada qarşılaşdıqları sıxıntı və çətinlik kimi görünən mənfi halları imanlarının gücü ilə özlərindən uzaqlaşdırarlar. Allaha təslim olmağın, yaratdığı hər şeydən razı qalmağın rahatlığı və hüzuru içində, qarşılaşdıqları hər hadisəni Allahın yaratdığı gözəllik kimi qiymətləndirərlər. Buna görə də cənnətə daxil olmaq ümidi ilə yaşayan möminlər dünyəvi olan heç nəyi mənfi hal kimi qiymətləndirməzlər. Cənnətdə isə Allahın rəhməti sayəsində, əbədiyyən kədər, sıxıntı, narahatlıq kimi hislərdən uzaq yaşayacaqlar. Hədislərdə cənnətdəki bu nemət belə xəbər verilir:
...Hər bir narahatlığın ardı kəsiləcək. Cəhənnəm əhlinin narahatlığı müstəsnadır... [Ramuz el-Ehadis-2, səh. 342/15]
...Onlar belə deyəcəklər: "Biz əbədi yaşayanlarıq, əsla həlak olmarıq, biz xoşbəxt insanlarıq, əsla kədərlənmərik... [(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10099]
...Orada heç bir dərd və təhlükə yoxdur... [Ramuz el-Ehadis-1, səh. 170/1]
İncildə isə bu mövzu haqqında bunlar deyilir:
..."Ağ xalat geyinmiş bu kəslər kimlərdir?, haradan gəldilər?" ...Mənə: "Bunlar, o böyük sıxıntıdan keçib gələnlərdir” dedi... Bunun üçün Allahın taxtının qarşısında dayanırlar... Taxtın üzərində oturan, çadırını onların üstünə uzadacaq... Allah onların gözlərindən axan bütün yaşları siləcək". (Yuhanna'ya Gelen Esinleme, 7-ci hissə, 13-17)
Allah Quranda möminlərin bu hüzurlu ruh hallarını belə bildirir:
Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəsləri isə heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri barədə müjdələmək istəyirlər. (Ali İmran surəsi, 170)
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 34)
Artıq Allah, onları belə bir günün şərindən qorumuş, onlara parıltılı aydınlıq və sevinc bəxş etmişdir; (İnsan surəsi, 11)
Nemətin parıltılı sevincini sən onların üzlərində tanıyarsan. (Mutaffifin surəsi, 24)
Daha əvvəl də ifadə etdiyimiz kimi, demək olar ki, dünyada olan hər şey imtahanın bir tələbi olaraq xüsusən əskik və qüsurlu yaradılmışdır. Möminlər dünyada qarşılaşdıqları bütün çətinlik və sıxıntılar qarşısında gözəl şəkildə səbir edər və Allaha təvəkkül edərlər. Peyğəmbərimiz (s.ə.v) hədislərində insanın təkcə cənnətə girdiyi vaxt həqiqi mənada rahatlığa qovuşduğunu xəbər vermişdir:
Təkcə cənnətə girən şəxs rahatlığa qovuşar. [Ramuz el-Ehadis-1, səh. 138/13]
Peyğəmbərimiz (s.ə.v) başqa bir hədisində isə cənnətdəki bu hüzurlu mühiti belə təsvir edir:
Cənnət əbədi iqamət halında parıldayan nur, yayılmış qoxu, çox yaxşı inşa edilmiş köşk, axan çay, yetişmiş meyvə, yaşıllıq, sevinc, sərinlik, təravət yeridir. [Ölümden Sonra Diriliş, səh. 47]