Mövzular

Cənnətdəki insan gözəlliyi

Dünyadakı ən böyük nemətlərdən biri də insan gözəlliyidir. İnsan ən gözəl evlərə sahib olsa, ən gözəl qidaları yesə və mükəmməl yerlərdə gəzsə belə, tənha olduğu müddətcə bunlardan tam mənasıyla zövq ala bilməyəcək. Çünki, bütün bu nemətlər insanın ətrafındakı yaxınları və dostlarıyla birlikdə olduğu vaxt məna qazanar. Allahın ruhundan üfürdüyü bir varlıq olan insan, şəxsiyyəti, təqvası və gözəl əxlaqı ilə çox qiymətlidir. Bir də bu xüsusiyyətlərinin üstünə qüsursuz fiziki gözəlliyin də əlavə olunması, şübhəsiz ki, hər kəsin sahib olmaq istəyəcəyi böyük nemətdir.
Cənnətdəki insan gözəlliyinin təsvir edildiyi hədislərdən biri belədir:
Cənnətdəki hurilər yaqut və mərcan kimidirlər. İnsan onlardan birinin üzünə baxar ki, özünü onun yanağında, aynada gördüyündən daha aydın görər. Onların mirvarilərinin ən kiçiyi şərqlə qərbi işıqlandırar. [Ramuz el-Ehadis-2, səh. 337/7]
Cənnətdəki hurilərin gözəlliyi yaqut kimi nadir ləl-cəvahirata, mərcan kimi özünəməxsus görünüşə sahib təbii gözəlliyə bənzədilmişdir. Həmçinin baxan insanın özünü aynada gördüyündən daha aydın gördüyü bənzətməsiylə üz dərilərinin hamar olmasına və üzlərindəki aydınlığa diqqət çəkilmişdir.
Dünya şərtlərində üz dərisinin gərginliyi, şəffaflığı çox qısa müddət davam edər. Kiçik yaşlardakı dəri hamarlığı və gözəlliyi yaş irəlilədikcə bəzi dəri problemləri, korlanma və qırışma ilə yox olar. Dolayısilə bu gözəllik dünya şərtlərində daimi deyil. Lakin Allah razı qaldığı bəndələrinə cənnətdə qüsursuz və əbədi gözəlliyi vəd edir. Peyğəmbərimiz (s.ə.v) də bir hədisdə cənnətdəki gözəlliyin və gəncliyin daimiliyindən belə bəhs edir:

Cənnət əhlinin vücudu tüksüz, üzü saqqalsız, gözləri sürməlidir, gənclikləri zail olmaz (tükənməz), paltarları köhnəlməz. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]
Cənnət əhli cənnətə, otuz və ya otuz üç yaşında saqqalsız, tüksüz və gözləri sürməli halda girəcəklər. [Büyük Hadis Külliyyatı-5, səh. 411/10109]
...Ona girən nemətə nail olar, əziyyət görməz, əbədiyyət qazanar, ölümlə qarşılaşmaz. Paltarı köhnəlməz, gəncliyi yox olmaz. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]
Hədislərdə cənnət əhlinin gözlərinin yaradılışdan sürməli olduğundan da bəhs edilir. Sürmə, göz rəngini və formasını ön plana çıxardan bir bəzəkdir. Dünya şərtlərində süni yolla əldə edilməyə çalışılan, lakin yenə də mükəmməl olmayan bu gözəllik, axirətdə möminlərin təbii halı olacaq.
Peyğəmbərimiz (s.ə.v)-in cənnətdəki insan gözəlliyi ilə əlaqədar özünə verilən suallara belə cavab verdiyi rəvayət olunmuşdur:
"Ey Rəsulullah! Allahın: “İri gözlü hurilərdir” (Vaqiə surəsi, 22) sözünü mənə izah et" dedim.
"Onlar ağ vücudlu, iri gözlü, qara quşun qanadları kimi sürməlidirlər" dedi.
"Ey Rəsulullah! Allahın: “Sanki o qadınlar yaqut və mərcandırlar” (Rəhman surəsi, 58) ayəsini izah et" dedim.
"Onlar əl dəyməmiş istiridyədəki mirvari kimi gözəldirlər" dedi.
"Ey Rəsulullah! Allahın: “O cənnətlərdə gözəl əxlaqlı, gözəl qadınlar vardır” (Rəhman surəsi, 70) ayəsini izah et" dedim.
"Onlar çox gözəl xasiyyətli və gözəl üzlüdürlər" deyə buyurdu.
"Ey Rəsulullah! Allahın: “Onlar, toz qonmamış yumurta kimidirlər” (Saffat surəsi, 49) ayəsini izah et" dedim.
"Onlar yumurtanın pərdəsi kimi ağ və incədirlər" dedi.
"Ey Rəsulullah! Allahın: “Ərlərini sevəndirlər, həmyaşıddırlar” (Vaqiə surəsi, 37) ayəsini mənasını söylə" dedim.
"Onlar dünyada qoca, gözləri iltihablı, saçları ağarmış və zəif halda öldükləri halda, Allah onları cənnətdə bakirə, ərlərinə sevən, aşiq və bir-birinə bağlı, bir-birlərinin həmyaşıdı edəcək" deyə buyurdu.
"Ey Rəsulullah! Dünya qadınlarımı üstündür, yoxsa iri gözlü hurilərmi?" dedim.
"Paltarın üzü astarından qiymətli olduğu kimi, dünya qadınları da hurilərdən qiymətlidirlər" dedi.
"Niyə ey Rəsulullah?" dedim, belə izah etdi:
"Namazları, orucları və Allaha olan ibadətlərindən ötrü, Allah onların üzlərini nurlandırar, özlərinə ipək paltarlar geydirər. Onların vücudları ağ, paltarları yaşıl, zinətləri sarı, buxurdanları mirvari və daraqları qızıldır. Onlar belə deyərlər:
"Biz burada əbədi qalacağıq. Biz sevimli və xoşbəxtik. Əsla kədərlənib sıxılmarıq. Başqa aləmə köçməyəcəyik, həmişə burada qalacağıq. Biz bu halımızdan məmnunuq və hər şeydən razıyıq. Heç kimə qəzəblənməz və hirslənmərik. Müjdə özlərinin həyat yoldaşı olduğumuz və həyat yoldaşlarımız olan kəslərədir". [Genclik ve Ölüm, səh. 422-423]
Diqqət yetirilsə Quranda (Rəhman surəsi, 70) və hədislərdə cənnət qadınlarının gözəl xasiyyətli olmalarına da diqqət çəkilmişdir. Digər bir hədisdə isə cənnətdəki insanların və yaşadıqları mühitin gözəlliyi belə təsvir edilmişdir:
Orada gözəl xasiyyətli, gözəl üzlü qadınlar vardır. (Rəhman surəsi, 70)
Başqa bir hədisdə isə cənnətdəki insan gözəlliyi belə təsvir edilmişdir:
...Hər bir hurinin əynində yetmiş qat paltar vardır ki, birinin rəngi digərində yoxdur. Həmçinin özünə digərində olmayan yetmiş fərqli rəngdəki ətir verilər. Hər biri huri üçün, mirvari ilə bəzənmiş qırmızı yaqutdan yetmiş taxt, hər taxtın üstündə yetmiş döşək, hər döşəyin üstündə isə kreslo vardır. Hər bir hurinin ehtiyacının ödənilməsi və ona xidmət göstərilməsi üçün yetmiş min xidmətçi qız və yetmiş min xidmətçi oğlan vardır. Hər bir xidmətçinin yanında, içində müxtəlif yeməklər olan qızıldan sinilər vardır ki, möminlərdən biri bir qabdakı yeməyin dadının və ləzzətinin digərindəkindən fərqli olduğunu görər... [Tezkireti'l Kurtubi, səh. 333/591]
Bir çox hədisdə isə cənnət əhlinin xüsusən üz gözəlliyinə diqqət çəkilmiş, hətta bu gözəlliklərinin həmişə artdığı xəbər verilmişdir:
Cənnət əhlinin bir bazarı vardır. Hər cümə oraya gələrlər. Birdən şimal küləyi əsər, beləliklə də, paltarlarını və üzlərini oxşayar. Bunun təsiri ilə hüsn (gözəllik) və camalları (üz gözəlliyi) artar. Beləliklə ailələrinə, daha da gözəlləşmiş halda qayıdarlar. Həyat yoldaşları:
"Vallah, bizim yanımızdan ayrıldıqdan sonra sizin camal və gözəlliyiniz artmış!" deyərlər. Ərləri də:
"And olsun Allaha, siz də bizdən sonra olduqca gözəlləşmisiniz" deyərlər. [(Müslim), Kutubu Sitte-14, səh. 433/16]
Cənnət qadınlarının nurlu gözəlliklərindən başqa bir hədisdə də belə bəhs edilir:
...Əgər cənnət qadınlarından biri yer əhlinə görünsəydi, dünyanı və içindəkiləri işıqlığa qərq edər və ikisinin arasını da gözəl qoxu ilə doldurardı... [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 409/10095]
Tanınmış İslam alimi Bədiüzzaman həzrətləri isə özündən hədislərdə təsvir edilən bu gözəlliyin necə olduğu soruşulduqda belə cavab vermişdir:
Mənası, çox gözəldir və gözəlliyi şirindir. Belə ki, bu çirkin, ölü, camid (donuq, cansız) və çoxu qışır (qabıq, xarici görünüş) olan dünyada; hüsn (gözəllik) və camal (üz gözəlliyi), təkcə gözə gözəl görünüb ülfətə (vərdiş) mane olmazsa kifayət edər. Halbuki gözəl, həyatdar (canlı), rövnəqdar (gözoxşayan gözəllik), tamamilə qışırsız (qabıqsız), lüb (öz) və qabıqsız iç olan cənnətdə; göz kimi insanın bütün duyğuları, lətifələri (xoş sözləri), cinsi-lətif (yumşaq, xoş) olan hurilərdən, hurilər kimi və daha gözəl, dünyadan gələn cənnətdəki nisayi-dünyəviyyədən (dünya qadınlarından), ayrı-ayrılıqda hissi-zövqlərini, cürbəcür ləzzətlərini almaq istəyərlər... Deməli, hurilər cənnətin əqsamı (hissələri) zinətindən yetmiş tərzini, təkcə bir növdən olmadığından bir-birini sətrətməyəcək (örtməyəcək, qapamayacaq) surətdə geydikləri kimi; öz vücudlarından, nəfs və cisimlərindən, bəlkə, yetmiş mərtəbədən əlavə ayrı-ayrı hüsn (gözəllik) və camal (üz gözəlliyi) əqsamını (hissələrini) göstərirlər. [Sözler, səh. 469-470]

 

Geyimlərin gözəlliyi və müxtəlifliyi

Keyfiyyətli parçalardan hazırlanmış rahat və gözəl paltarlar geymək hamının xoşuna gələr. Cənnətdəki müxtəlif rəng və gözəllikdəki paltarlar da insanın bu zövqünə xitab edəcək. Dünya şəraitində paltarlar nə qədər gözəl olsalar da, həmişə onlarda natamamlıq olar. Bütün geyimlər zaman keçdikcə köhnələr, rəngləri solar və insanda ilk geyindiyi vaxtlardakı kimi rəğbət hissi oyandırmamağa başlayar. Bir insanın dünyada çox sayda geyimə sahib olması da, bir əhəmiyyət kəsb etməz, çünki bu geyimdən alınan zövq insanın ömrü ilə məhdudlaşır. Ölümlə birlikdə digər bütün əşyalar kimi bunlar da geridə qoyular. Halbuki cənnət geyimləri həm qüsursuz gözəllik və müxtəliflikdə, həm də əbədidirlər. Peyğəmbərimiz (s.ə.v)-in cənnət geyimlərinin bu xüsusiyyətlərinə diqqət çəkdiyi bir hədisi belədir:
...Orada böyük köşklər, enli çaylar, bol və yetişmiş meyvələr, gözəl və dilbər zövcələr (qadın, həyat yoldaşı), bir çox daimi və gözəl rəngli paltarlar vardır. Ora uca, gözəl və qüsursuz bir yurd olub, təmiz həyat yaşanılan yerdir... [Ramuz el-Ehadis-1, səh. 170/1]
Həmçinin bu paltarlar elə boldur ki, heç kim əskiklik və ehtiyac hiss etməyəcək. Bir hədisdə bu vəziyyətə belə diqqət çəkilmişdir:
...Onların içində hər hansı şeyi əskik olan bir nəfər yoxdur ki, gördüyü insanın əynindəki bəzəkli paltarlardan ötrü narahatçılıq hissi keçirsin. Sözünü bitirmədən əyni daha gözəl paltara bürünər... [Tezkireti'l Kurtubi, səh. 325-326/563]
Cənnət əhlinin geyimləri də ən rahat olacaqları şəkildə yaradılmışdır. Geyilən paltarlar, cənnətdəki qüsursuzluq və gözəllik içində heç bir narahatlığa səbəb olmaz. Cənnətdə dünyaya məxsus nöqsanlar (paltarın rənginin solğunlaşması, qırışması, çirklənməsi, köhnəlməsi və s.) da yoxdur. Həmçinin cənnətdə paltarların toxunması, tikilməsi kimi hazırlıq mərhələləri də yoxdur. Cənnətdə Allahdan bir nemət olaraq hər şey həmişə ən mükəmməl halıyla mövcuddur. Cənnətdəki möminlərin paltarları ilə əlaqədar xəbər verilən digər təfərrüatlar belədir:
...Cənnət geyimləri toxunmaz. Cənnətin meyvələri yarılar və ondan paltar çıxar... [Tezkire-i Kurtubi-1, səh. 21]
Cənnətdəki xurma ağaclarının qolları yaşıl zümrüddür. Budaqları qırmızı qızıldır. Yarpaqları cənnət əhli üçün geyiləcək paltarlardır. Onun bir qismi qısa (alt), bir qismi də içi astarlı üst paltarlarıdır... [Tezkireti'l Kurtubi, səh. 314]
...Əynində yetmiş qat paltarı olar. Ən aşağısı Tuba ağacından hazırlanmış, lalə kimi... [Ramuz el-Ehadis-1, səh. 99/8]
Ayələrdə də cənnətdəki paltarların ipəkdən hazırlandıqları və bəzəkli olduqları belə xəbər verilmişdir:
Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. (İnsan surəsi, 21)
Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədilər, libasları da ipəkdən olar. (Həcc surəsi, 23)