Mövzular

Dölləndirici küləklər

Quranın bir ayəsində küləklərin “dölləndirmə” xüsusiyyətinə və bunun nəticəsində yağışın əmələ gəldiyinə belə diqqət çəkilir:
dölləndirən (mayalandıran) küləkləri göndərdik və beləliklə də, göydən yağış endirib sizə su içirtdik... (Hicr surəsi, 22)
Ayədə, yağışın əmələ gəlməsindəki ilk mərhələdə küləklərin rol oynadığına diqqət çəkilir. Halbuki, XX əsrin əvvələrinə qədər belə təsəvvür olunurdu ki, yağışın yağması ilə külək arasında yeganə bir əlaqə varsa da, bu da küləyin buludu qovmasıdır. Müasir meteoroloji kəşflər isə küləklərin yağışın əmələ gəlməsində “dölləndirici” rol oynadıqlarını göstərdi.
Küləklərin bu “dölləndirmə” xüsusiyyəti daha əvvəl də toxunduğumuz kimi belə gerçəkləşir: okean və dənizlərin səthində baş verən köpüklənmədən ötrü hər an çoxsaylı hava qabarcığı əmələ gəlir. Bu qabarcıqlar partladıqları anda isə millimetrin yüzdə bir hissəsi diametrindəki minlərlə hissəciyi havaya atarlar. “Aerozol” deyilən bu hissəciklər küləklərin quru səthindən gətirdiyi tozlara qarışaraq atmosferin üst qatlarına qalxarlar. Küləklərin bu yolla yuxarıya apardığı həmin hissəciklər burada su buxarına təmas edərlər. Su buxarı da bu hissəciklərin ətrafına toplanaraq sıxlaşar və su damcılarına çevrilər. Bu su damcıları əvvəlcə birləşərək buludları əmələ gətirər, bir müddət sonra da yağış halında yerə düşürlər. Göründüyü kimi, küləklər havada sərbəst halda mövcud olan su buxarını dənizlərdən daşıdıqları hissəciklərlə “dölləndirir” və bununla da yağışlı buludların (nimbus) əmələ gəlməsini təmin edirlər.
Əgər küləklərin bu xüsusiyyəti olmasaydı, atmosferin yuxarı qatlarındakı su damcıları heç vaxt əmələ gələ bilməyəcək və yağış deyilən bir şey də olmayacaqdı.
Buradakı mühüm xüsus isə küləklərin yağışın əmələ gəlməsindəki bu ciddi rolunun bundan əsrlərlə əvvəl Quranda bildirilmiş olmasıdır. Özü də insanların təbiət hadisələri haqqında demək olar ki, heç nə bilmədikləri bir dövrdə...
Ayədə küləklərin dölləndirici (mayalandırıcı) xüsusiyyəti ilə əlaqədar xəbər verilən digər bir məlumat da, küləklərin bitkilərin mayalanmasındakı roludur. Yer üzündəki əksər bitkilər öz növlərinin davamını, tozcuqlarını külək vasitəsilə yayaraq təmin edərlər. Əksər çılpaqtoxumlu bitkilər, şam ağacları, palmalar və buna bənzər digər ağaclar, həmçinin çiçəkverən bütün toxumlu bitkilərlə alaq otlarının hamısı küləklərlə mayalanar. Külək çiçək tozlarını bitkilərdən alıb onları eyni növdən olan başqa bitkilərə apararaq mayalanma prosesini həyata keçirər.
Küləyin bitkiləri necə mayalandıra biləcəyi yaxın vaxtlara qədər bilinmirdi. Lakin bitkilərin də erkək və dişi olmaqla cins fərqinə malik olması məlum olduqdan sonra, küləklərin belə mayalandırıcı təsirinin olduğu aşkarlandı. Bu həqiqətə Quranda; "Biz göydən su endirdik, beləliklə orada hər gözəl olan cütdən bir bitki bitirdik" (Loğman surəsi, 10) ayəsi ilə diqqət çəkilir.

 

Küləklərin əmələ gəlməsindəki nizam

...Və küləkləri (müəyyən nizamla) istiqamətləndirməsində ağlını işlədən bir qövm üçün ayələr var. (Casiyə surəsi, 5)
Külək müxtəlif istilik mərkəzləri arasında əmələ gələn hava cərəyanıdır. Atmosferdəki müxtəlif temperaturlar, müxtəlif hava təzyiqləri yaratdığı üçün, hava fasiləsiz surətdə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə hərəkət edər. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq böyük olsa, hava cərəyanı, yəni külək də şiddətli olar. Böyük dağıntılara səbəb olan qasırğalar bu yolla əmələ gəlir.
Burada heyrət oyandıran məsələ, ekvator və qütblər kimi aralarında çox böyük fərq olan istilik və təzyiq qurşaqlarının mövcudluğuna baxmayaraq, Allahın müəyyən nizamla yaratması sayəsində, Yer kürəsinin çox sərt küləklərə məruz qalmamasıdır. Əgər qütblərlə ekvator arasında yaranan nəhəng hava cərəyanı yumşaldılmasaydı, Yerin səthi fasiləsiz olaraq şiddətli qasırğaların baş verdiyi ölü planetə çevrilərdi.
Yuxarıdakı ayədə (ərəbcəsində) “tasrifir riyah” ifadəsindəki “tasrif” kəlməsi “bir şeyi çox çevirib döndərmək”, “istiqamətləndirmək”, “bir işə istiqamət vermək”, “idarə etmək”, “yayılmasını təmin etmək” mənalarına gəlir. Göründüyü kimi, külək üçün seçilən bu kəlmə küləklərin nizam içindəki hərəkətlərini tam tərif edir. Həmçinin bu vəziyyət küləyin öz-özünə, necə gəldi əsmədiyinin də çox aydın izahıdır. Küləkləri insanların həyatda yaşamasına imkan verəcək tərzdə idarə edən Allahdır.