Mövzular

Cənnət məkanlarının gözəlliyi

Dünyanın ən gözəl məkanları arasında saraylar, köşklər həmişə qabaqcıl yerləri tutar. Bu məkanların möhtəşəm gözəllikləri təsvir edilərkən də həmişə gözəl mənzərəyə sahib olmalarından, əşyalarının çox qiymətli olmasından, dekorasiyanın gözəl olmasından, sütunların, qızıl zərli taxtların, mebellərin ehtişamından bəhs edilər.
Allahın Quranda bildirdiyi cənnətlə əlaqədar ayələrdə də insanların xoşladıqları məkanlardan (köşklərdən, saraylardan, bağçalardan, otaqlardan) tez-tez bəhs edilər. Dünyada məhdud sayda olan bu məkanlar, cənnətdə mükəmməl və ən möhtəşəm hallarıyla Allahın sevdiyi bəndələrinin yaşadığı məkanlar olaraq sonsuza qədər mövcud olacaqlar.
Cənnət məkanlarındakı zənginlik və bolluğun təsvir edildiyi hədislərdən bir neçəsi belədir:
Bir kərpici gümüş, bir kərpici qızıl, qarışığı kəskin qoxulu müşk, döşəməsi mirvari və yaqut, torpağı isə zəfərandandır, oraya girən xoşbəxt olar, ümidsiz olmaz, əbədi olar, ölməz... [Büyük Hadis Külliyyatı-5, səh. 408/10088]
...Cənnətin çınqılları mirvari və yaqutdan, torpağı isə zəfərandandır... [(Tirmizi); Kutubu Sitte-14, səh. 451/6]
Hədislərdə cənnət məkanlarının hər vəsaitinin çox qiymətli olduğuna diqqət çəkilmiş və çınqıl kimi geniş yayılmış daş parçalarının əvəzinə inci və yaqut olacağı bildirilmişdir.

 

Cənnətdəki köşklər

Dünyadakı gözəlliklər dünya şərtlərində nə qədər mükəmməl olsalar da, yenə də mütləq bir çox qüsurlara sahibdirlər. Dolayısilə dünyadakı ən gözəl köşk belə cənnət köşklərinin yanında olduqca sadə qalar. Hər şeydən əvvəl zamanın, dünyada sahib olunan bir çox gözəllik üzərində korlayan və köhnəldən təsiri var. Məsələn, hər hansı bir köşk heç istifadə edilməsə belə, qulluq göstərilmədiyi təqdirdə zaman keçdikcə tamamilə köhnəlib xarab olar. İçindəki əşyalar köhnələr, nəm və rütubətin təsirindən kiflənər, beləcə də, çürüməyə başlayar. Döşəmələrin dayanıqlığı zaman keçdikcə azalmağa, parçaların rəngləri də solmağa başlayar. Həmçinin əşyaların üstünü qalın toz təbəqəsi örtər və ətrafı hörümçək torları bürüyər. Beləliklə də, bu möhtəşəm məkan zaman keçdikcə yaşana bilməyəcək hala gələr. Cənnətdəki məkanlar isə bütün bu əskikliklərdən, zamanın köhnəldən təsirlərindən uzaqdır. Quranda cənnət köşklərindən bəhs edilərkən bu köşklərin altından çaylar axdığı, yüksək və təhlükəsiz yerlər olduqları bildirilir:
İman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətdəki hündür köşklərdə yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ənkəbut surəsi, 58)
Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün etdikləri əməllərə görə qat-qat artırılmış mükafat vardır və onlar cənnətdəki hündür köşklərində əmin-amanlıq içindədirlər. (Səba surəsi, 37)
Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində isə cənnət köşkləri belə təsvir edilir:
Qurfələr (cənnət köşkləri) qırmızı yaqut, yaşıl zəbərcəd (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) və ağ mirvaridəndir. Onlarda heç bir qüsur və nöqsan yoxdur. Cənnət əhli bunlara, sizin göyün şərq və qərb tərəfindəki parlaq ulduzlara baxdığınız kimi baxar... [Ramuz el-Ehadis-1, səh. 225/6]
İncildə də Allahın axirət yurdunda hazırladığı məkanlardan belə bəhs edilir:
Bilirik ki, içində yaşadığımız bu dünyəvi çadır dağılsa, göylərdə Allahın bizə verdiyi bir iqamətgah, əllə hazırlanmamış və sonsuza qədər qalacaq bir evimiz vardır. (Korintlilərə İkinci Məktubu, 5-ci hissə, 1)
Cənnət təsvirlərindəki zənginliyə dair bütün incəliklər, hər dövrə xitab edən, hər kəsin bəyənəcəyi gözəlliklərdir. Zənginlik və ehtişamın simvolu sayılan yaqut, zümrüd, mirvari kimi ləl-cəvahiratlar hər kəsin sahib olmaq istəyəcəyi çox qiymətli və nadir tapılan daş-qaşlardır. Buna görə də cənnət köşklərinin bu daş-qaşlardan hazırlanmış olması, onların ölçüyəgəlməz dəyərlərini vurğulamaq baxımından olduqca əhəmiyyətlidir.
Bunlardan qırmızı rəngin çalarlarındakı şəffaf daş olan yaqut, yer üzündəki dörd qiymətli daşdan ən az rast tapılanıdır. Mirvari isə parlaq, sədəf rəngi, hamarlığı və yumru formasıyla fövqəladə estetikaya malikdir. Böyük zəhmətlər nəticəsində əldə edilən bu kiçik parça da olduqca xüsusi yolla əmələ gəlir. İstiridiyə içindəki kiçik bir qum dənəsinin ətrafının zaman keçdikcə kalsium karbonatla örtülməsi nəticəsində belə gözoxşayan gözəllik əmələ gəlir. Şübhəsiz ki, cənnətlə əlaqədar edilən bu cür bənzətmələr, verilən təriflər yenə dünya şərtlərinə görə verilən nümunələrdir. Bu, insanların baxış prizmasının genişlənməsinə, cənnəti düşünmələrinə vəsilə olması baxımından zəruridir. Lakin cənnətdəki bu gözəlliklər olduqca mükəmməl şəkildə olacaq.
Cənnətdəki hər incəlik ən xoşa gələcək gözəlliklərlə yaradılmışdır. Peyğəmbərimiz (s.ə.v) cənnət köşkləri ilə əlaqədar olan digər bir hədisində belə buyurub:
Cənnətdə bir köşk vardır ki, ətrafı bürclər (kiçik qala, qüllə), otluq, bol sulu yerlərlə əhatələnmişdir. Beş min də qapısı var... [Ramuz el-Ehadis-1, səh. 125/5]
Bəhs edilən köşklərin gözəlliyinə gözəllik qatan digər xüsusiyyət isə bu köşklərin olduqca möhtəşəm məkanlar içində yerləşmələridir. Məsələn, yuxarıdakı hədisdə də təsvir edildiyi kimi bəzi köşklərin yaşıllıqlarla əhatələnməsi və su kənarında yerləşmələri ayrı gözəllikdir. Bu köşklər dəniz sahillərində, okeanların qumlu sahillərində, göl sahillərində, çay kənarlarında, çağlayan bir şəlalənin qarşısında və bunlar kimi heyranlıq oyandıran yerlərdə inşa edilmiş ola bilərlər.
Həmçinin hədislərdə cənnət köşkləriylə əlaqədar belə bir xüsusiyyətə daha diqqət çəkilir:
Cənnətdə elə köşklər vardır ki, içindəki çöldəkini, çöldəki içindəkini görər... [Ramuz el-Ehadis-1, səh. 125/9]
Cənnətdə köşklər vardır ki, içlərindən çölləri, çöllərindən içləri görünər. [Kutubu Sitte-14, səh. 447/2]
Yuxarıdakı hədislərdən anladığımıza görə cənnətdəki bəzi köşklər, insanların həm içərini, həm də çölü görə bilmələrinə imkan verən şüşə və ya başqa şəffaf vəsaitdən yaradılmış ola bilərlər. Döşəmə, divarlar və tavanın bu şəkildə şəffaf olması isə içində yaşayan kəslərə rahatlıq və zövq verməsi baxımından çox gözəl xüsusiyyətdir.
Bu hədislə işarə edilən şey, insanların cənnətdə həm içərini, həm də çölü eyni anda görə bilmələrinə imkan verən ayrı baxış prizmasının mövcud olduğu da ola bilər. Yəni cənnətdə dünyada yaşadığımızdan fərqli ölçülərdə baxış prizmasına sahib olma imkanımız da ola bilər. Çünki, insan bəzən olduğu yerdən başqa yerdə olanları görmək istəyə bilər.
Məsələn, istədiyimiz zaman səmaya baxdığımızda planetləri, ulduzları heç bir texnoloji alətə ehtiyac duymadan bütün incəliklərinə qədər görə bilməyi arzulayarıq. Lakin, təkcə parlaq nöqtələri görərik. Bir əşyaya baxdığımızda bunun atom səviyyəsindəki görünüşünü də çılpaq gözlə görməyimiz mümkün deyil. Dolayısilə görüş sahəmiz, içində olduğumuz məkanla və gözümüzün görüş sahəsiylə məhdudlaşmışdır. Məhz cənnətdə gözün iti görməsi, istəyə əsasən hər hansı yerə fokuslanıb incəlikləri görə bilməsi, divar bənzəri heç nəyin görüşə mane olmaması da mümkün ola bilər. Çünki, cənnətdə hər şey insanın istəyinə əsasən yaradılır və cənnət əhlinin görmək istədiyi hər hansı şey gözlərindən gizli qalmayacaqdır. Allah bu həqiqəti Quranda: "...orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey var..." (Zuxruf surəsi, 71) ayəsiylə müjdələyir.
Yenə Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən birində cənnət köşklərinin heç bir dəstək və dayaq olmadan dayandıqlarından bəhs edilir. Şübhəsiz ki, bu vəziyyət də bənzərsiz və həyəcan verici bir gözəlliyə işarə edir:
Bir gün Rəsulullah (s.ə.v): "Cənnətdə elə köşklər vardır ki, nə yuxarıdan asılacaq qarmaqları və nə də altlarında dirəkləri vardır" deyə buyurdu. Bunu dinləyən səhabələr, "ey Allahın elçisi, o köşklərin əhli oraya necə girəcək?" deyə soruşdu. Rəsulullah (s.ə.v): "Onlar quşlar kimi uçaraq girəcəklər" deyə buyurdu. [Dünya Sonrası Safer, səh. 294]

 

Cənnətdəki şəhərlər:

Cənnətdə "Rəyyan" deyilən bir çay var. Üstündə mərcanlardan ibarət bir şəhər salınmışdır. Onun qızıl və gümüşdən yetmiş min qapısı var. Bax bu, Quran əhlinə məxsusdur. [Ramuz el-Ehadis-2, səh. 326/4]
Yuxarıdakı hədisdə Peyğəmbərimiz (s.ə.v)-in diqqət çəkdiyi qızıl və gümüş, ehtişamın, zənginliyin və incəsənətin simvolu olmuş filizlərdir. Hər ikisi də parlaq, möhkəm, forması asanlıqla dəyişən və çətin əldə edilən metallar olub tarix boyu çox mühüm yerə sahib olmuşdurlar. Yer üzündə hər tona 0,004 qram qədər qızıl düşür. Qızıl şaxtalarında isə hər tondan 6-12 qram qızıl əldə olunur. Dolayısilə qızıldan bir qab əldə etmək üçün tonlarla ağırlıqdakı bir qaya emal prosesindən keçirilməlidir. Onun istər çətinliklə əldə edilməsi, istərsə də yer üzündə digər filizlərə görə daha az nisbətdə tapılması dəyərini qat-qat artırır. Parlaq, möhkəm, forması asanlıqla dəyişən bu qiymətli filiz insanların zövqlərinə xitab etməsi baxımından çox mühüm yerə malikdir.
Bu da estetik və sənət dəyəri olduqca yüksək əsərlərin hazırlanmasında seçilməsini təmin edər. Bizə gözəl gələn, bol və gözoxşayan bir çox şey, ya qızıldan hazırlanmışdır ya da qızılla bəzənmişdir. Həmçinin qızıl, əşyaların bəzədilməsində, cildçilik, xəttatlıq, miniatür, illüstrasiya kimi bir çox sənət sahəsində də əvəzolunmaz bir vəsaitdir. Bu baxımdan hədislərdə diqqət çəkilən məkanlarda qızıldan bol miqdarda istifadə olunması da, insanların xoşladığı qiymətli bir nemətin nişanəsidir. İnsanlar qızılı dünya həyatında ən çox külçələr halında görərlər. Nadir hallarda bəzi əşya və aksesuarlara, bəlkə də, bir sarayda qızılla örtülmüş sütunlara rast gələrlər. Bütün bu saydıqlarımız qızılı yalnızca bəzi kiçik zinət əşyalarında görməyə alışmış insanlarda böyük təəccüb hissi oyadar. Vəziyyət belə olduqda isə saf qızıldan tikilmiş bir göydələnin və ya bir köşkün, villanın xəyalını belə qurmaqda çətinlik çəkərlər. Bunun həqiqət olduğunu düşünmək belə insan ruhunu xeyli həyəcanlandırar və ona zövq verər. Aşağıdakı hədisdə isə cənnətdəki binaların kərpiclərinin qızıldan və gümüşdən olduğu bildirilir. Bu, onsuz da çox gözəl olan cənnət evlərinin ehtişamını daha da artırır və onları daha möhtəşəm hala gətirir:
Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, qarışığı müşk, çınqılı mirvari və yaqut, torpağı isə zəfərandandır... [Ramuz el-Ehadis-1, səh. 200/6]
Necə ki, aşağıdakı hədisdə də qızıl bir dirəkdən bəhs edilərək cənnətdəki zənginlik və ehtişam digər bir cəhətdən daha vurğulanır:
Cənnətdə qızıldan bir dirək və üzərində zəbərcəddən (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) şəhərlər vardır ki, onlar cənnətə ulduzlar kimi işıq saçarlar... [Ramuz el-Ehadis-1, səh. 125/6]
Yuxarıdakı hədisdə diqqət çəkilən digər bir cəhət də şəhərlərin yüksəkliyi ola bilər. Şübhəsiz ki, dünya şərtlərində mənzərəsi və verəcəyi rahatlıq baxımından yüksək bir şəhərə üstünlük verilər. Bu şəhərlərin cənnətdəki mükəmməl mənzərələr içində yerləşdiyi düşünülsə, bu məkanların insan ruhuna nə qədər çox zövq verəcəyi daha yaxşı aydın ola bilər. Hədislərdəki bu məkanlar (dirəklər üzərindəki şəhərlər) Quranda bildirilən yüksək köşklərlə əlaqədar ayələrlə eynilik təşkil edir:
Lakin Rəbbindən qorxub-çəkinənləri, altından çaylar axan yüksək köşklər gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz. (Zumər surəsi, 20)
Şəhər həyatı təsəvvürümüz etdikdə ilk öncə bir çox mövzuda yaşanan problemlər canlanır. Yol hərəkəti, səhiyyə, nəqliyyat, hava çirkliliyi, infrastruktur, su, elektrik, telefon, təhlükəsizlik kimi daha bir çox mövzudakı çatışmazlıqlar insanların ömürləri boyu məşğul olduqları problemlərə çevrilmişdir. Hətta insanların daha rahat, daha sistemli həyat yaşamalarını təmin etmək və bu problemləri aradan qaldırmaq üçün bir çox peşə meydana gəlmişdir.
Halbuki cənnət şəhərlərində əsla belə vəziyyət yaşanmadığı kimi bu problemlərə səbəb olan amillər də aradan qalxmış olacaq. Həmçinin Allahın; "...orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər" (İnsan surəsi, 13) ayəsində bildirdiyi kimi, cənnətdəki hava, insan ruhunun və bədəninin ən zövq alacağı və ən rahatlayacağı istilikdə olacaq. Bu səbəblə də xüsusi istilətmə və ya sərinlətmə sisteminə də ehtiyac qalmayacaq. Bənzər şəkildə sonrakı hissələrdə yer verəcəyimiz kimi cənnətdə nəqliyyat çətinliyi də olmayacaq (doğrusunu Allah bilər).
Hədisdə cənnətdəki binalardan bəhs edilərkən bunların qarışığının müşk, yəni çox gözəl qoxulu bir maddə olacağı ifadə edilir. Göründüyü kimi Allahın cənnətdə yaratdığı nemətlər bütün duyğularımıza da xitab edəcək şəkildə yaradılır. Gözəl qoxu insanlar üçün çox böyük nemətdir. Qızılgülün, qərənfilin, zanbağın, sünbülün, yasəmənin, akasiya və şam ağaclarının qoxuları insanlar üçün çox böyük lütfdür. Bunlarla yanaşı bir-birindən fərqli qoxular da insan ruhunda çox xoş təsir yaradar. Cənnətdəki gözəl qoxular dünyadakılarla müqayisə edilə bilməyəcək gözəllikdə olduqları kimi insanların heç gözləmədikləri incəliklərdə qarşılarına çıxacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirdiyi kimi binaların qarışığının müşk olması bunun ən gözəl nümunələrindən biridir. Şübhəsiz ki, qarışığı müşk olan gözəl qoxulu bir bina, Allahın cənnətdə möminlər üçün hazırladığı gözəlliklərindən təkcə biridir.

 

Cənnətdəki saraylar:

Bir hədisdə cənnətdəki saraylardan belə bəhs edilir:
Cənnətdə mirvaridən bir saray vardır. Bu sarayın içində qırmızı yaqutdan yetmiş ev vardır. Hər evin içində yaşıl zəbərcəddən (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) yetmiş ev vardır. Hər evin içində yetmiş taxt, hər taxtın üzərində də hər rəngdən yetmiş döşək vardır. Hər evin içində yetmiş süfrə, hər süfrədə də yetmiş növ yemək vardır. Həmçinin hər evin içində yetmiş nəfər xidmətçi vardır... [Tezkireti'l Kurtubi, səh. 323/554]
Bu mövzuyla əlaqədar başqa bir hədis isə belədir:
Şübhəsiz ki, cənnət saraylarından birinin içində yetmiş mənzil (yer, dünya, ev) vardır. Hər mənzilin girmək üçün yetmiş qapısı vardır, hər qapıdan da digər qapıdan daxil olan qoxudan başqa cənnət qoxularından bir qoxu daxil olar... [Tezkireti'l Kurtubi, səh. 323-324/555]
Hədislərdə cənnət saraylarının ən qiymətli daşlardan inşa edildiyinə, ən gözəl və ən rahatlıq verəcək şəkildə dekorasiya edildiklərinə, içlərində nemət bolluğu olduğuna diqqət çəkilir. Dünya həyatına razı olmayan və bu həyatın müvəqqəti bəzəklərinə aldanmayan möminlər, axirətdə hər nemətin əsli, ən mükəmməli və əbədi olanı ilə mükafatlandırılarlar. Axirət yurdunu istəyərək ciddi səy göstərmələrindən ötrü, həqiqi zövq və sevinci bir-birindən gözəl bu cənnət məkanlarında sonsuza qədər yaşayarlar. Buradakı mühit hər cür dəbdəbəyə, əzəmətə, zənginliyə sahib olmaqla yanaşı, cənnət əhlinin həmişə Allahı zikr etdikləri və Ona qəlbən şükür etdikləri nəcib və təmiz mühitdir. Allah bir ayədə cənnət əhlinin şükür etdiklərini və xoşbəxt olduqlarını belə bildirir:
(Onlar) dedilər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun ki, biz cənnətin istədiyimiz yerində sakin ola bilərik. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Zumər surəsi, 74)
 

Cənnətdəki otaqlar:

Cənnət məkanlarıyla əlaqədar olaraq bir çox hədisdə çadırlar da təsvir edilmişdir. Bu hədislərdən bir neçəsi belədir:
Şübhəsiz ki, cənnətdə (mömin üçün) içi boşaldılmış tək bir mirvaridən bir çadır vardır. Bu çadırın eni 60 mil (təxminən 100 km) uzunluğundadır. Bunun hər yerində (möminə məxsus) bəzi ev camaatlı vardır ki, onlar başqalarını (yəni bir-birlərini) görə bilməzlər. (Lakin) Mömin onları ziyarət edib gəzər. [Tezkireti'l Kurtubi, səh. 325/560]
Möminin cənnətdə hündürlüyü 60 mil (təxminən 100 km) olan mirvari bir çadırı vardır. [Büyük Hadis Külliyyatı-5, səh. 408/10091]
Genişliyi də elədir. (Yəni, altmış mildir). Orada möminin ailələri olacaq. Mömin onları bir-bir ziyarət edəcək... [(Buhari, Müslim ve Tirmizi); Büyük Hadis Külliyatı-5, səh. 408/10092]
Cənnət əhlindən dərəcəsi ən aşağı olanın səksən min xidmətçisi vardır. Onun üçün mirvaridən, zəbərcəddən (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) və yaqutdan bir çadır qurular. Bu çadır, Cabiyədən Səna şəhərinə qədər uzanan böyüklükdədir. [(Tirmizi), Büyük Hadis Külliyyatı- 5, səh. 412/10114]
Hər şeyin ən mükəmməl halıyla yaradıldığı cənnətdə çadırlar da mümkün ola biləcək ən böyük rahatlıqda möminlərə zövq verəcək, rahatlıqlarına, arzularına xitab edəcək şəkildə yaradılacaqdır. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi qiymətli cövhərlərdən hazırlanılan bu çadırlar görünməmiş böyüklüyə sahibdirlər. Hədislərdə cənnət əhlinin, çox böyük və hündür olan mirvari dənələrinin içində, ailələri və yaxınlarıyla birlikdə mükəmməl həyat yaşadıqları xəbər verilir. Şübhəsiz ki, bu Rəbbimizin bənzərsiz yaratma gücünün və sənətinin təcəllasıdır. Dünya həyatında bir çox çatışmazlıq, qüsur və acizlik içində yaşayan insanın belə gözəlliyi zehnində canlandırması belə həyəcan vericidir. Gözəlliyi və ehtişamıyla yanaşı, zümrüd və yaqutdan hazırlanmış olan cənnət çadırlarının içində bir insan xidmət edənlərin sayı da dünyada Allahın rizasını, rəhmətini və cənnətini ümid edərək çalışıb yorulan hər kəs üçün böyük müjdədir.

 

Cənnətdəki bazarlar:

Bazarlar insanların ehtiyaclarını ödəmələri üçün onlara bir çox seçim təqdim edən alış-veriş məkanlarıdır. Bu alış-veriş mərkəzlərində bütün qida məhsulları və əşyalar müxtəlif çeşidləriylə, fərqli paketlərdə qablaşdırılmış şəkildə mövcud olur. İnsanlar, yaxşı qidalanmaq, fərqli dadları sınamaq, qəşəng və gözəl geyinmək, işlərini asanlaşdıracağını düşündükləri vəsaitləri satın almaq, bəyəndikləri və rahat olacaqlarını düşündükləri əşyaları əldə etmək istəyi ilə bu yerlərə gedərlər. Məhz insanların dünya şərtlərində xoşladıqları bu neməti Allah cənnətdə də ən gözəl halıyla yaradacaq. Cənnətdəki bazarlar saysız növdəki nemətlə, bolluq sevinci meydana gətirən görünüşləriylə cənnət əhlinin qəlblərindəki bu arzuya xitab edəcək. Üstəlik cənnətdə, dünyada bu nemətlə yanaşı mövcud olan bir çox çatışmazlıq da aradan qalxmış olacaq. Məsələn, insanlar dünyada alış-veriş məkanlarını gəzməkdən zövq almalarına baxmayaraq, bundan yorularlar. Bir çox insanın bu yerləri rahatlıqla gəzə biləcək qədər çox vaxtı da yoxdur. Bundan başqa alver etmə imkanına sahib insanlarla yanaşı, bundan zövq almasına baxmayaraq, istədiyini satın alma imkanına sahib olmayan insanlar da vardır. İnsanlar pulunu ödədikləri təqdirdə bu cür bolluq içərisindən istədikləri məhsulu seçə bilərlər. Lakin əgər bu imkana sahib deyillərsə, təkcə bu məkanları gəzməklə kifayətlənməlidirlər. Halbuki Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə xəbər verdiyinə görə insanlar cənnət bazarlarında istədikləri hər şeydən istədikləri qədər ala biləcəklər. Orada alış-veriş deyə bir şey olmayacaq, hər kəs bəyəndiyi hər şeyə sahib ola biləcək. Bu məkanlardakı nemətlər isə insanların daha əvvəl heç görmədikləri və xəyalını belə qurmadıqları növdə olacaq. Allah bol lütfkarlığıyla hər kəsə bəyənib istədikləri bütün şeyləri verəcək və heç kimin heç nəyi əskik olmayacaq.
Hədislərdə bu vəziyyətdən belə bəhs edilir:
Şübhəsiz ki, cənnətdə bir bazar vardır ki, mələklər oranı ziyarət edərlər. Orada gözlərin bənzərini görmədiyi, qulaqların eşitmədiyi və ağla gəlməyən nemətlər vardır. Ürəyimizin istədiyi hər şey bizə gətirilər. Lakin orada hər hansı şeyi satmaq və satın almaq yoxdur. O bazarda cənnət xalqının bir hissəsi digər hissəsiylə qarşılaşar. Hündür imarət və mövqe sahibi sərmayəçi də mövqe baxımından özündən aşağı dərəcədə olan kimsə ilə qarşılaşar. Onların içində hər hansı şeyi əskik olan bir nəfər yoxdur ki, qarşılaşdığı insanın əynində gördüyü bəzəkli paltarlardan ötrü narahat olsun. Sözünü bitirmədən əyni daha gözəl paltara bürünər. Şübhəsiz ki, cənnətdə heç kəs kədərlənməz. [Tezkireti'l Kurtubi, səh. 325-326/563]
Şübhəsiz ki, cənnətdə bir bazar vardır. Lakin orada hər hansı şeyi satmaq və satın almaq yoxdur. Təkcə kişilər və qadınlar, surət və görünüşləri vardır. Buna görə də orada hansı surətə düşmək istəsə, həmin surətə də düşəcəkdir. [Tezkireti'l Kurtubi, səh. 326/564]
Hədisdə ayrı bir nemət olaraq kişi və qadın surətlərinin varlığından da bəhs edilir. İstənilən vaxt istənilən surətdə ola bilmək, beləliklə bir-birindən çox fərqli gözəl görünüşlərdə ola bilmək, bir çox insanın dünyada xəyalını qurduğu bir fikirdir. Hər insan sağlam və mükəmməl üz və fiziki gözəlliyə sahib olmağı arzulayar. Saç rəngi, göz rəngi, üz xətləri, dəri rəngi, boyu, bədən quruluşu kimi daha bir çox fiziki xüsusiyyət insanlara anadangəlmə verilmişdir. Cənnətdə, dünyada tək növ gözəllikdən duyulan monotonluq hissinin olmaması, gözəlliyin insanın istədiyi qədər, istədiyi şəkildə dəyişə bilməsi də insan ruhuna zövq verəcək ayrı bir nemətdir.
Digər bir hədisdə isə cənnətdəki bazarlarda möminlərin oturacaqları gözəl qoxulu, rahat yerlər olduğuna, cənnət əhlinin bu yerlərdə tanış olub söhbət etdiklərinə, bir sözlə, insanın xoşlayacağı ictimai həyatın mövcudluğuna diqqət çəkilir:
Şübhəsiz ki, cənnətdə elə bazarlar vardır ki, orada alış-veriş yoxdur. Lakin cənnət əhli oraya çatdığı vaxt təzə və parlaq mirvari və müşk torpağa sərilərək oturar. Dünyada olduqları kimi, o cənnətlərdə də bir-birləriylə tanış olarlar. Dünyada necə bir insan olduqlarını və özlərinin Rəbbinə necə ibadət etdiklərini, gecələri necə əhya etdiklərini, gündüzləri necə oruc tutduqlarını, dünyanın zənginliyi ilə kasıblığının necə olduğunu, ölümün necə olduğunu... və nəhayət hansı yolla cənnət əhlindən olduqlarını danışıb müzakirə (və söhbət) edərlər. [Tezkireti'l Kurtubi, səh. 326/565]