Mövzular

Mikroskopik həyatın mövcudluğu

Yerin yetişdirdiklərindən, onların özlərindən və hələ bilmədikləri neçə-neçə şeylərdən bütün cütləri yaradan (Allah çox) ucadır! (Yasin surəsi, 36)
...Hələ sizin bilmədiyiniz nələri yaratmaqdadır? (Nəhl surəsi, 8)
Yuxarıdakı ayələrdə Quranın nazil edildiyi dövrdə insanların bilmədiyi canlıların olmasına işarə edilir. Belə ki, mikroskopun kəşf edilməsiylə birlikdə insan gözünün görə bilmədiyi kiçiklikdə yeni canlılar kəşf edildi. Beləliklə, Quranda diqqət çəkilən bu canlıların mövcudluğu haqqında insanlar məlumat sahibi olmağa başladılar. Adi gözlə görünməyən və əsasən bir hüceyrədən ibarət olan mikro canlıların mövcudluğuna işarə edən digər ayələr isə belədir:
...Göylərdə və yerdə zərrə qədər bir şey Ondan uzaqda (gizli) qalmaz. Bundan daha kiçik olanı da, daha böyük olanı da, istisnasız, mütləq açıq-aydın bir kitabda (yazılmış)dır. (Səba surəsi, 3)
...Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən uzaqda (gizli) qalmaz. Bunun daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın bir kitabda (yazılmış) olmasın. (Yunis surəsi, 61)
Yer üzünün hər yanına yayılmış bu gizli dünyanın mənsubları, yəni mikroorqanizmlər, Yer üzündəki heyvanlardan 20 dəfə çoxdur. Gözlə görünməyəcək qədər kiçik olan bu mikroorqanizmlər aləmi bakteriyalardan, viruslardan, göbələklərdən, su yosunlarından və akaridlərdən ibarətdir. Bu mikrocanlılar Yer üzündəki həyat tarazlığının mühüm bir ünsürüdür. Məsələn, Yerdə həyatın əmələ gəlməsini təmin edən əsas ünsürlərdən biri olan azot dövranı, bakteriyalar tərəfindən həyata keçirilir. Bitkilərin torpaqdakı mineralları qəbul edə bilməsini təmin edən ən mühüm ünsür kök göbələkləridir. Tərkibində nitrat olan tərəvəz və ya ət kimi qidalardan zəhərlənməyimizin qarşısını isə dilimizdə olan bakteriyalar alır. Həmçinin bəzi bakteriyalar və yosunlar, dünyada həyatın davam etməsinin əsas şərti olan fotosintez etmək qabiliyyətinə malikdirlər və bu vəzifəni bitkilərlə bölüşürlər. Bəzi akarid növləri üzvi maddələri parçalayaraq qidaları bitkilərin istifadə edə biləcəyi hala gətirə bilirlər. Göründüyü kimi, haqqında yalnız texnologiya alətlərinin köməyi ilə məlumat əldə edə bildiyimiz bu kiçik canlılar, insan həyatının davam etməsində əvəzedilməz əhəmiyyətə sahibdirlər.
Quranda bundan əsrlər əvvəl gözlə gördüyümüz canlı aləmlərindən başqa  bir canlı aləminin olacağına diqqət çəkilməsi, şübhəsiz ki, Quranın digər bir möcüzəsidir (ətraflı məlumat almaq üçün baxın: Harun Yəhya, “Mikrodünya möcüzəsi”).