Mövzular

Cənnətdəki qidalar

Cənnətdə insanların nəfslərinin xoşuna gələcək, ürəklərinin istədiyi və arzuladıqları olduqca ləzzətli bir çox qida olduğu Quranda və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilir. Xüsusən də dünyada bəyənilən qidalar arasında olan ət və meyvənin hər növü cənnət əhlinə veriləcək. Allah ayələrində cənnət əhlinə verilən bu nemətlərin gözəlliyini belə xəbər verir:

Arzulayıb seçəcəkləri meyvələr və istədikləri quş əti. (Vaqiə surəsi, 20-21)
Bu etdikləri əməllərə görə (onlara verilər). (Vaqiə surəsi, 24)
Həm Quran ayələrində, həm də hədislərdə cənnət əhlinə təqdim edilən bəzi nemətlərin dünyadakılarla bənzər olduğuna diqqət çəkilir. Allah bu həqiqəti bir ayədə belə bildirir:
(Ey Məhəmməd) İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, həqiqətən onlar üçün ağacları altından çaylar axan cənnətlər vardır. Onlara ruzi olaraq, hər dəfə onun məhsullarından yedirildikdə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!” deyəcəklər. Halbuki onlara (dünyadakının) oxşarı verilmişdir. Onlar üçün orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)
Cənnət neməti olaraq verilən qidaların hər biri, həm estetik cəhətdən gözəl, həm də olduqca ləzzətlidir. Bunlardan xüsusən meyvələr, görünüşləri, rəngləri, qoxuları və özlərinə məxsus dadları ilə bir-birlərindən mükəmməldirlər.
Məsələn, çiyələk bir çox insanın sevərək yediyi, qoxusunu və ləzzətini çox xoşladığı bir meyvədir. Lakin bütün gözəlliyinə baxmayaraq, çox yeyildiyi təqdirdə bəzi insanların orqanizmində allergik reaksiyalara səbəb ola bilər. Bu, dünya həyatına məxsus əskiklikdir. Dünyadakı bütün nemətlər kimi meyvələrin də bir çox baxımdan qüsurlu tərəfləri vardır. Yetişdirilmələrindən başlayaraq, satın alınmalarına, yuyulmalarına, ayırd edilmələrinə qədər bir çox zəhmətli mərhələdən keçərlər. Çəkilən bütün zəhmətlərə baxmayaraq, bəzən çürüyər, bəzən də dadları əskik olar. Bir sözlə insanlar bir şeylər yeyərkən əslində bir çox çatışmazlığın, çətinliyin də öhdəsindən gəlməyə çalışarlar. Dünya həyatına məxsus olaraq qidaların hamısı müəyyən qüsurla yaradılır ki, bu da insanların bu nemətlərin əsillərinə qovuşmağı arzulamalarına səbəb olur. Üstəlik, nə qədər sevilən bir qida olsa da, həmişə yeyildiyi təqdirdə bu qidadan alınan zövq əvvəlki kimi çox olmaz.
Cənnətdəki qidalar və meyvələr cənnət əhlinin önünə qüsursuz və zəhmətsiz şəkildə gələrlər. Allah Quranda; "(meyvələrin) kölgələri onlara çox yaxındır və yığılmaları xeyli asanlaşdırılmışdır" (İnsan surəsi, 14) ayəsiylə bu meyvələri əldə etməyin olduqca asan olduğunu bildirmişdir. Cənnətdə ağacın qolundan qoparılan bu meyvələrdə toz və çirk yoxdur, tərtəmizdirlər və xeyli ləzzətlidirlər. Başqa ayələrdə isə Allah cənnət meyvələri ilə əlaqədar olaraq belə buyurur:
Əməllərinizin nəticəsi kimi varis olduğunuz cənnət budur. Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz. (Zuxruf surəsi, 72-73)
Peyğəmbərimiz (s.ə.v) isə bir hədisdə cənnətə girəcək möminlərə; "onu meyvələri aşağıya doğru sallanan uca cənnətə qoyun!" deyildiyindən bəhs edir.[Büyük Hadis Külliyyatı-5, səh. 413/10120]
Cənnətdə qida ehtiyacdan ötrü deyil, Allahdan bir nemət və hədiyyə olaraq zövq üçün yeyilir. Orada iman edənlər acmaq və susamaq kimi dünyaya məxsus acizliklərdən xilas olmuşdurlar. Təhrif olunmuş İncildə isə cənnətə layiq kəslərdən bəhs edilərkən; "artıq acmayacaqlar, artıq susamayacaqlar..." ifadəsi keçir.(Yuhannaya Gelen Esinleme, 7-ci hissə, 16)
Cənnət nemətlərinin ayə və hədislərdə vurğulanan digər bir xüsusiyyəti də çox bol olmalarıdır. Allah axirət yurdunda saysız-hesabsız ruzi olduğunu və tükənməcəyini Sad surəsindəki ayələrdə belə bildirir:
Haqq-hesab günü üçün sizə vəd edilən budur. Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir. (Sad surəsi, 53-54)
İncildə də qidaların tükənməyəcəyinə işarə edən bir məlumat belə qeyd olunur:
Müvəqqəti olan qida üçün deyil, sonsuz həyat boyu qalan qida üçün çalışın... (Yuhanna, 6-cı hissə, 27)

 

Meyvələrin bolluğu:

Meyvələr bədəni zəhərli maddələrdən təmizləyən, xəstəliklərə qarşı bədəndə immunitet yaradan, vitamin və mineral baxımından çox zəngin, insana rahatlıq verən, sağlamlıq və gözəllik qazandıran tərtəmiz qidalardır. Peyğəmbərimiz (s.ə.v) bu cənnət nemətiylə əlaqəli olaraq bir hədisində belə buyurur:
Sidrətül Müntəha ağacının hər bir meyvəsi yarıldıqda içindən yetmiş iki rəngdə və növdə qida çıxar ki, orada o birisinə bənzəyən heç bir rəng və növ yoxdur. [Tezkireti'l Kurtubi, səh. 312/517]
Peyğəmbərimiz (s.ə.v) bu hədisində cənnətdəki meyvələrin rənglərinə və növlərinə diqqət çəkmişdir. Nemətlərin bu şəkildə bir-birlərindən fərqli olmaları insanların çox xoşlayacaqları bir gözəllikdir. Bir şeyin həmişə eyni şəkildə, eyni qoxuda, ləzzətdə və ya rəngdə olmasındansa, hər dəfə birinci dəfə görülürmüş kimi həyəcan oyandıracaq şəkildə dəyişikliklərlə yaradılması çox böyük bir sürprizdir. Həmçinin bu, Allahın sonsuz yaratma gücünün və sənətinin dəlillərindən yalnızca biridir. Bu müxtəliflik cənnətdə hədsiz-hüdudsuz ola bilər. Cənnətdəki meyvələrin müxtəlifliyinə diqqət çəkilən digər bir hədis isə belədir:
Cənnət əhlinin ən aşağı dərəcəyə sahib olanının 10000 xidmətçisi, hər xidmətçinin əlində fərqli rəngdə qızıl və gümüşdən 2 dayaz tava və içlərində ayrı-ayrı meyvələr vardır. Ən son yediyini də ilk dəfə yediyi iştahla yeyər... [Ramuz el-Ehadis-1, səh. 71/5]
Hədisdən aydın olduğu kimi cənnətdəki nemətlər cənnət əhlinin ən zövq alacaqları şəkildə özlərinə bəxş ediləcək. Özlərinə xidmət etmələri məqsədiylə yaradılmış və bu xidməti zövqlə və diqqətlə yerinə yetirən xidmətçilərin qızıl və gümüş qablarda təqdim etdikləri növbənöv meyvələr cənnət əhlinə Allahdan verilən bir ziyafətdir. Allah ayələrdə belə buyurur:
...Orada nəfsinizin çəkə biləcəyi və istədiyiniz hər şey sizindir. Çox bağışlayan və çox Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”. (Fussilət surəsi, 31-32)
Bununla yanaşı Peyğəmbərimiz (s.ə.v) cənnətdə ağacın qolundan bir meyvə qoparıldığı zaman bu meyvənin yerinə yenisinin gəldiyini xəbər vermişdir:
...Cənnətin meyvəsindən qopardıqda, yerinə yenisi gələr. [Ramuz el-Ehadis-1, səh. 98/9]
Digər bir rəvayətdə isə Peyğəmbərimiz (s.ə.v)-in bu sözlərinə yer verilir:

Kəndli bir ərəb, "ey Allahın elçisi cənnətdə meyvə vardırmı?" deyə soruşdu. Rəsulullah (s.ə.v):
"Bəli Tuba deyilən bir ağac vardır" deyə buyurdu. O şəxs:
"Ey Rəsulullah bizim ərazimizdəki hansı ağac ona bənzəyir?" dedi.
Rəsulullah (s.ə.v):
"Sənin ərazindəki ağaclardan heç biri ona bənzəməz. Lakin sən heç Şama getdinmi? Çünki orada qoz deyilən bir ağac vardır ki, gövdə üzərində bitərək yuxarı (yəni qolları) göyə uzanar. Məhz bu ağac Tuba ağacına bənzəyər" deyə buyurdu.
O şəxs: "Ey Rəsulullah, o ağacın dib gövdəsinin qalınlığı nə qədərdir?" dedi. Allahın elçisi:
"Sənin kül-külfətinin dəvələrindən beş yaşına çatan gənc bir dəvə yola düşsə dibini gəzib qurtara bilməz və nəhayət qocalığından boynu sınar" deyə buyurdu. Kəndli ərəb:
 "Cənnətdə üzüm vardırmı?" deyə təkrar soruşdu. Rəsulullah (s.ə.v):
 "Bəli vardır" deyə buyurdu. O şəxs:
 "O üzümün salxımının böyüklüyü nə qədərdir?" dedi. Rəsulu Əkrəm:
"Alaca qarğanın heç dayanmadan bir aylıq uçub gedəcəyi məsafə qədər" deyə buyurdu. O şəxs:
"O üzümün dənələri(nin böyüklüyü) nə qədərdir?" dedi. Allahın elçisi:
"Böyük vedrə kimidir" deyə buyurdu. O şəxs:
"Ey Allahın Rəsulu, o üzüm dənəsi məni və kül-külfətimi mütləq doyurar" dedi. Rəsulullah (s.ə.v):
 "Bəli səni və kül-külfətini və qohumlarının əksəriyyətini doyurar… Cənnətin xurması ağacın dibindən qollarına doğru müntəzəm şəkildə üst-üstə yığılıb düzülmüşdür. Meyvələri böyük küplər kimidir. Nə vaxt bir meyvə qoparılsa yerinə başqası gələr. Cənnətin suyu çuxursuz yerlərdən axar. Cənnət üzümünün hər bir salxımı on iki arşındır".
[Tezkireti'l Kurtubi, səh. 312-313/518]
Cənnət meyvələri düşünülərkən, dünyadakı meyvələrlə məhdudlaşdırılaraq düşünülməməlidir. Peyğəmbərimiz (s.ə.v)-in yuxarıdakı hədisində təkcə bir neçə meyvənin fərqli yaradılışı nümunə olaraq verilmişdir. Lakin cənnət istənilən hər şeyin ən gözəl halı ilə mövcud olacağı, ağlımıza gəlməyən, lakin çox xoşlayacağımız daha bir çox nemətin olduğu bir məkandır.
Quranda cənnət meyvələrindən bəhs edilən ayələrdən bir neçəsi belədir:
Yüklü qolları bükülmüş albalı (ağacları), üst-üstə yerləşən meyvələri sallanmış banan ağacları (Vaqiə surəsi, 28-29)
İçlərində (hər növ) meyvə, bənzərsiz xurma və bənzərsiz nar vardır. (Rəhman surəsi, 68)
Və (daha) bir çox meyvələr arasında, tükənib azalmayan və qadağan edilməyən (meyvələr). (Vaqiə surəsi, 32-33)
Məhz onlar üçün müəyyən ruzi vardır. Müxtəlif meyvələr. Onlar hörmət görənlərdir. Nemətlərlə dolu olan (Nəim) cənnətlərində. (Saffat surəsi, 41-43)
 

 

Cənnətdəki qidalardan nümunələr: xurma

Bir hədisdə xurma ilə əlaqədar olaraq belə rəvayət edilmişdir:
Bir nəfər: "Ey Rəsulullah cənnətdə xurma vardırmı? Çünki mən xurmanı sevirəm" deyə sula verdi. Rəsulullah (s.ə.v):
"Bəli vardır. ...cənnət xurmalarının qolları qızıldandır. Budaqlarının başları qızıldandır. Qızıldan budaqları vardır. Aləmlərdən hər hansı bir kəsin gördüyü paltarların ən gözəli kimi yarpaqları vardır. Qızıldan xurma salxımları vardır. Xurma salxımlarının saplağı da qızıldandır. Qızıldan xurma dənəsinin dibində yapışqanlı marka kağızı kimi şeylər vardır. Böyük küplər kimi meyvələr vardır ki, (onlar) köpükdən yumşaq, baldan şirindir". [Tezkireti'l Kurtubi, səh. 315/522]
Xurmanın təsvir edildiyi digər bir hədis də belədir:
Cənnətdəki xurma ağacının qolları qırmızı qızıldır. Saplaqları yaşıl zümrüddür. Yarpaqları ipək kimidir. Meyvəsi qüllə kimi iri dənəli, qaymaqdan yumşaq və çəyirdəksizdir. [Ramuz el-Ehadis-2, səh. 451/4]
Diqqət yetirilsə cənnətdəki hər incəlik bizə tanış gələn, bildiyimiz ən gözoxşayan və qiymətli şeylərlə müqayisə edilərək görünüşləri və ləzzətləri ilə nə qədər qiymətli nemət olduqları vurğulanılır. Məsələn, cənnətdəki xurma ağacının qolları qızıla, yarpaqları çox gözəl və qiymətli bir parça olan ipəyə bənzədilmişdir.
Cənnətdəki xurma dənələrinin böyüklüyünə diqqət çəkilən digər bir hədis isə belədir:
Cənnətdəki xurma ağaclarının qolları yaşıl zümrüddür. Budaqları qırmızı qızıldır. Yarpaqları cənnət əhli üçün geyiləcək paltarlardır. Onun bir qismi qısa (alt), bir qismi də içi astarlı üst paltarlarıdır. Cənnət xurması böyük küplər və vedrələr kimidir. Süddən daha ağ, baldan şirin, köpükdən yumşaqdır. İçində də çəyirdək yoxdur. [Tezkireti'l Kurtubi, səh. 314]
Yuxarıdakı hədisdə ləl-cəvahiratlarla təsvir edilən xurmanın, görünüşüylə yanaşı ləzzətinin də Allahın istəməsi ilə çox mükəmməl olacağı vurğulanılır.

 

Qarpız

Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində qarpız haqqında belə söylədiyi rəvayət edilmişdir:
Qarpızdan istifadə edin və ona təzim (hörmət) edin. Çünki onun suyu cənnətdən, dadı da cənnətdəki daddandır... Qarpız cənnət (meyvələrin)dəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 313)

 

Əncir

Bir rəvayətə görə Peyğəmbərimiz (s.ə.v) əncirlə əlaqədar bunları demişdir:
Peyğəmbərimiz (s.ə.v) bir qab əncir hədiyyə alıb ondan yedi və səhabələrinə: "Bundan yeyin. Əgər mən bir meyvənin cənnətdən endiyini söyləsəm, məhz cənnətdən enən bu meyvə əncirdir" deyə buyurdu. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman alametleri, səh. 313)
Əncir Quranda adı keçən və diqqət çəkilən meyvələrdən biridir (Tin surəsi, 1). Meyvələr arasında çoxlu minerallara sahib olması və enerji verən qida olması baxımından da xüsusi yerə sahibdir.

 

Banan

Hədislərdə keçən digər bir cənnət meyvəsi də banandır:
Dünyada cənnət meyvəsinə bənzəyən şey təkcə banandır. Çünki Allah (cənnətdəki meyvələr haqqında), "onun meyvələri tükənməzdir" deyə buyurmuşdur. Sən isə bananı yay və qış da daxil olmaqla ilin hər fəslində tapa bilirsən. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 312-313)
Necə ki, cənnətin təsvir olunduğu ayələrdə, Allah bu meyvədən belə bəhs edir:
Yüklü qolları bükülmüş albalı (ağacları), üst-üstə yerləşən meyvələri sallanmış banan ağacları, yayılıb uzanmış kölgələr, dayanmadan axan su(lar) və (daha) bir çox meyvələr arasında. Tükənib azalmayan və qadağan edilməyən (meyvələr). (Vaqiə surəsi, 28-33)
Banan özünəməxsus gözəl qoxusuyla, bənzərsiz ləzzəti və saysız faydasıyla bir çox insanın sevdiyi bir nemətdir. Şübhəsiz ki, cənnətdəki banan da digər bütün nemətlər kimi, dünyadakına görə olduqca qüsursuz, olduqca ləzzətli və gözəl qoxulu olacaq (doğrusunu Allah bilər)

Ət

Ayə və hədislərdə meyvədən başqa bəhs olunan nemətlərdən biri də ətdir. Allah bir ayəsində: "Onlara istədikləri meyvədən və ətdən bol-bol verdik" (Tur surəsi, 22) deyə buyuraraq ətin bir cənnət neməti olduğunu xəbər verir.
Peyğəmbərimiz (s.ə.v) də bir hədisdə ət haqqında belə buyurmuşdur:
Cənnət xalqının çörəkdən sonra, ikinci ən dəyərli və ən ləzzətli qidası ətdir. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. [Tezkireti'l Kurtubi, səh. 363/654]
Quranda və hədislərdə xüsusən diqqət çəkilən ət növü isə quş ətidir. Quranda "istədikləri quş əti" (Vaqiə surəsi, 21) ayəsiylə xəbər verilən quş əti bir hədisdə belə vurğulanmışdır:
Cənnətdə sənin ürəyin quş əti istəyəcək. Dərhal qızardılmış halda önünə gətirilib qoyulacaq. [Büyük Hadis Külliyatı-5, səh. 414/10123]
Ət növləri arasında Quranda bəhs edilənlərdən xüsusən "bildirçin əti" bəyənilən bir yeməkdir. Bu nemət cənnətdə bol-bol olacaq, müsəlmanlara ən gözəl şəkildə təqdim ediləcək (doğrusunu Allah bilər).