Mövzular

Cənnətdəki təbiət gözəlliyi

İnsan ruhu estetikadan, simmetriyadan, gözəllikdən, təmizlikdən, nizamdan, rəng uyğunluğundan, bir sözlə, mükəmməllikdən zövq alacaq şəkildə yaradılmışdır. Necə ki, təbiətdəki bütün rənglər və təsvirlər də insanın ruhundakı bu zövqə xitab edən ən yaxşı uyğunluğa və gözəlliyə sahibdirlər.
İnsanlar dincəlmək üçün həmişə təbii gözəlliklərlə əhatələnmiş məkanları seçərlər. Yaşıllıq, meşəlik, dəniz kənarı və ya çay sahili kimi yerlərdə təmiz hava, torpaq və su ilə yaxın təmasda olmaq insanlara hüzur və xoşbəxtlik gətirər.
Günəş şüalarının, təmiz havanın daxil olmadığı, təbii gözəlliklərdən uzaq mühitlər isə adətən insanların xoşuna gəlməz.
İnsanın təbii gözəllik axtarmasının səbəblərindən biri, Allahın insanı cənnət gözəlliklərindən zövq alacaq şəkildə yaratmış olmasıdır. İnsan xəbəri olsa da, olmasa da əslində cənnət nemətlərinə qovuşmağı ümid edər. Ayələrdə cənnətin təbii gözəlliklərlə dolu olacağı belə xəbər verilir:

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün altından çaylar axan cənnətlər vardır. Məhz, bu, böyük “qurtuluş və xoşbəxtlik”dir. (Büruc surəsi, 11)
Cürbəcür “incəliklərə və gözəlliklərə” (və ya hər növdə olan sıx ağaclara) sahibdirlər. (Rəhman surəsi, 48)

 

Cənnət ağacları

Ağaclıq məkanlar, insanların içində olmaqdan zövq aldıqları yerlərdəndir. Onlar hər nə qədər binaların sıx yerləşdiyi şəhər mərkəzlərində yaşasalar da, adətən ağaclıq, yaşıllıq yerlərdə olmaq istəyərlər. Ağaclıq bir yerə aid mənzərəni izləmək və ya belə bir fotoşəklə, hətta portretə baxmaq belə insanlar üçün zövqdür. Dünyada bir çox faydası ilə birlikdə yaradılmış ağaclar, Rəbbimizin insanlara bəxş etdiyi nemətlərdəndir. Ağaclar, möhtəşəm görünüşləri, bənzərsiz növləri, müxtəlif rəngləri, sərinlik verən kölgələriylə, insanlara zövq verəcək şəkildə yaradılmışlar. Allahın; "boyları bir-biriylə yarışan və sıx ağaclı bağçalar" (Əbəsə surəsi, 30) ayəsiylə bildirdiyi ağaclar, axirətdə cənnətə məxsus üstün xüsusiyyətlərlə yaradılmışlar. Ağaclar da solmadan, qurumadan, yarpaqları tökülmədən, ehtişamlı görünüşləriylə birlikdə cənnətdə qüsursuz şəkildə yaradılmışlar. Aşağıdakı hədislərdə isə ağacların xüsusən kölgəsindən bir cənnət neməti olaraq tez-tez bəhs edilir:
Cənnətdə elə bir ağac vardır ki, bir atlı onun kölgəsi altında yetmiş yaxud yüz il qədər gedər (yenə də onun sonuna çata bilməz). O əbədiyyət ağacıdır... Cənnətdə bir ağac vardır ki, bir şəxs dörd yaşındakı bir dişi dəvə balasına, yaxud beş yaşındakı bir dişi dəvəyə minsə, sonra da ağacın dib tərəfindəki gövdəsinin ətrafında dolanmağa başlasa, hərəkətə başladığı yerə çatmadan dəvə yaşlanaraq yerə yıxılar... Onun körpə qolları cənnətin qala divarlarını aşar. Şübhəsiz ki, cənnətdəki hər bir çay o ağacın dibindən başlayır... [Tezkireti'l Kurtubi, səh. 311/513]
Cənnətdə bir ağac vardır ki, minik üstündə olan bir şəxs bir əsr boyu onun kölgəsi altında hərəkət etsə onun sonuna çata bilməz. İstəyirsinizsə bu ayəni oxuyun: "Daimi kölgəliklərdə və çağlayan suların başındadırlar". [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 427/9]
Quranda "kölgə altında olmaq"dan bir cənnət neməti olaraq belə bəhs edilir:
İman gətirib saleh əməllər işləyənləri isə altından çaylar axan, içində əbədi məskunlaşacaqları cənnətlərə daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları “nə isti, nə də soyuq tam ölçüsündə kölgəliklərdə” yerləşdirəcəyik. (Nisa surəsi, 57)
Təqva sahiblərinə vəd edilmiş cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun meyvələri də, kölgəsi də daimidir. Bu qorxub-çəkinənlərin (xoşbəxt) aqibətidir, inkar edənlərin aqibəti isə oddur. (Rad surəsi, 35)
Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. (Yasin surəsi, 56)
Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başındadırlar. (Mürsəlat surəsi, 41)
Onlar orada taxtlara söykənəcəklər. Orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər. (İnsan surəsi, 13)
Təhrif olunmuş İncildə də cənnətdən bəhs edilərkən Qurandakı təriflərə uyğun olan; "...onları nə gün, nə də yandırıcı istilik vuracaq" cümləsi qeyd olunur. (Yuhanna'ya Gelen Esinleme, 7-ci hissə, 16)
Cənnətdəki təbii gözəlliklərin təsvir edildiyi bir çox hədisdə tuba ağacından və onun xüsusiyyətlərindən bəhs edilir. Peyğəmbərimiz (s.ə.v) bu ağacı belə təsvir edir:
...Tuba cənnətdə olan bir ağacdır. Yüz illik bir ağacın tutduğu qədər yer tutar və cənnət paltarları da onun tumurcuqlarından hazırlanar. [Ramuz el-Ehadis-2, səh. 313/7]
Tuba ağacı bənzərsiz xüsusiyyətlərə və görünməmiş enliyə malikdir. Bununla yanaşı dünyadakı səbəblərin hakim olmadığı cənnət mühitində cənnət paltarlarının da bu ağacdan hazırlandığı ifadə edilir. Peyğəmbərimiz (s.ə.v) başqa hədislərində cənnətdəki ağacları belə təsvir edir:
...Cənnət ağaclarının dib gövdəsi mirvari və qızıl, yuxarısı da meyvədir. [Tezkireti'l Kurtubi, səh. 315/523]
Cənnətdə elə bir ağac yoxdur ki, qızıl gövdəli olmasın. [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 427/10]
Cənnətdə Allahın bənzərsiz, sonsuz yaratmasına şahid olacağımız üçün hər şey mümkün ola bilər. Məsələn, cənnət ağaclarının meyvələri yaqut, almaz, sapfir kimi qiymətli daşlar formasında görünüb, ələ alındığı vaxt yeyiləcək hala gələ bilər.
Cənnətdəki ağacların mahiyyətini soruşan bir səhabəyə Peyğəmbərimiz (s.ə.v)-in belə dediyi rəvayət edilmişdir:
Bu ağacların qolları qurumaz, yarpaqları tökülməz, suyu çəkilib getməz, meyvəsi tükənməz. [İlahi Dinlerde Cennet İnancı, səh. 54]

 

Cənnətdəki çaylar və dənizlər

Su mənbələri olduqları əraziyə bərəkət gətirər, oranı canlandırıb təmizləyərlər. Həmçinin suya yaxın məkanlarda iqlim şəraiti də həm yaşamaq üçün daha əlverişlidir, həm də insanların xoşlayacağı mülayimlikdədir. Məhz buna görə də, insanların istirahət etmək üçün seçdikləri yerlər də dəniz, göl və ya çay kənarlarına yaxın yerlər olar. Necə ki, Quranda təqvalı insanların Allahdan bir nemət olaraq; "cənnətlərdə və çeşmələr başında" (Hicr surəsi, 45) olduqları bildirilmişdir.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində cənnətdəki çaylardan tez-tez bəhs edilir:
Cənnət çayları, müşk dağlarının yaxud müşk təpələrinin altından başlayar. [Tezkireti'l Kurtubi, səh. 307/501]
Cənnətdə, bal dənizi, şərab dənizi, süd dənizi və su dənizi vardır. Digər çaylar bunlardan başlayacaq. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10097]
Hədisdə cənnətdə baldan, süddən, şərabdan dənizlərin olacağından bəhs edilir. Lakin burada bəhs edilən süd, bal və şərab dünyadakından çox fərqli, cənnətə məxsus xüsusiyyətlərlə yaradılıb. Cənnətdə bunların hər biri tərtəmiz, ləzzətli və rahatlıq verən içkilərdir. Məsələn, cənnətdə təqdim edilən şərab dünyadakı şərablara bənzəmir. Cənnət əhlini sərxoş etməyəcək və içənlərin şüurunu bulandırmayacaqdır. Allahın cənnət üçün hazırladığı içki, "ağappaq, içənlərə ləzzət verən (bir içki)dir. O nə narahatlıq verər, nə də ondan məst olarlar" (Saffat surəsi, 46-47) ayələriylə Quranda təsvir edilir.
Həmçinin bu nümunələr (süd, bal və şərabdan olan çaylar) cənnətdə Allahın özlərindən razı qaldığı qullarını gözləyən çox fərqli gözəlliklərin ola biləcəyinə işarə edir. Süd tez xarab olan bir qida olmasına baxmayaraq, cənnətdə süddən dəniz və çayların olması oradakı nemətlərin mükəmməliyinə aid diqqətçəkən bir nümunədir. Cənnət əhli istədiyi təqdirdə belə təsvirlərin yaradılması Allah üçün çox asandır.
Bu nemətlər təsvir edilərkən çay və dəniz ifadələrindən istifadə edilməsi də xüsusən cənnətdəki bolluğu vurğulayır. İnsanlar bu nemətləri dünya həyatında daim az miqdarda görürlər. Bankalarda, şüşə qablarda və ya fərqli qablarda satın aldıqları bu məhsulların cənnətdə ehtiyyat şəklində qarşılarına çıxması, xarab olmadan, çirklənmədən, mümkün ola biləcək ən mükəmməl ləzzətdə özlərinə bol-bol şəkildə verilməsi həyəcan verən bir nemət və gözəllikdir.
Quranda da bu çayların xüsusiyyətlərindən ətraflı şəkildə bəhs edilir:
Təqva sahiblərinə vəd edilən cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Allah tərəfindən bağışlanma gözləyir… (Məhəmməd surəsi, 15)
Ayədə süd, bal, şərab kimi bir neçə nemət nümunə kimi verilmişdir. Lakin insanın xoşladığı hər hansı bir nemətin çay halında axması, su kimi bol və təmiz olması, xarab olmadan qalması da mümkün ola bilər. Həmçinin Allah cənnətdə içkilərin qədəhlərlə təqdim edildiyini və bu içkinin cənnət əhlinin başlarını ağrıtmayacağını, bundan məst olmayacaqlarını bildirir.
Allah digər bir ayədə; "çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır" (Saffat surəsi, 45) deyə buyurur. Möminlər üçün cənnətdə; "sonu müşk, qatışığı isə təsnim bulağından olan, möhürlü, xalis bir şərab" (Mutaffifin surəsi, 25-27) hazırlanmışdır (təsnim: cənnətdəki bulaqlardan birinin adıdır).
Ayələrdə də bildirildiyi kimi bu içkilər eyni zamanda gözəl iyə də malikdir. Eyni zamanda cənnətdə dənizlərin altında, çayların dibində bizim təssəvvür edə bilmədiyimiz fövqəladə gözəlliklər ola bilər. Allah istəyən şəxsin nəfəs alma problemi olmadan suya daxil olmasına, çılpaq gözlə aydın şəkildə dəniz altındakı gözəllikləri görməsini mümkün edə bilər. Dünyada təkcə sənədli filmlər sayəsində öyrənilən dənizaltı gözəlliklər, cənnətdə möminlərin asanlıqla görə biləcəkləri və çox zövq alacaqları şəkildə ola bilər.

 

Cənnət torpağının gözəlliyi

Cənnət torpağının gözəlliyi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində belə ifadə edilmişdir:
Cənnətin əkiləcək ağaclarını çox əkin. Çünki onun suyu şirin, torpağı gözəldir... [Ramuz el-Ehadis-1, səh. 72/14]
Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, qarışığı müşk, çınqılı isə mirvari və yaqut, torpağı isə zəfərandandır... [Ramuz el-Ehadis-1, səh. 200/6]
Hədisdə cənnət torpağı, zəfəran adlı, qiymətli bir bitkidən əldə edilən bir ədviyyata bənzədilmişdir. Bu bitki vanilinə bənzər ətri, canlı, parlaq qızıl sarısı rəngi ilə ədviyyatlar arasında olduqca xüsusi yerə malikdir. 1 kq zəfəran əldə etmək üçün 70.000-250.000 çiçək toplamaq lazımdır. Hal-hazırda zəfəran istehsalı hər keçən gün azalır. Buna təsir edən ən mühüm amil isə bitkinin yetişdirilməsindəki çətinlikdir. Çünki zəfərandan 3-4 il kimi müddətdə məhsul götürülür. Dünya şəraitində yetişdirilməsi çox çətin və zəhmətli olan bu qiymətli bitkinin, cənnətdə torpağı meydana gətirəcək qədər bol miqdarda olması orada nemətin bol şəkildə olacağına işarə edir (doğrusunu Allah bilər).

 

Cənnətdəki genişlik

Allah cənnət əhlini cənnətdə yerləşdirdiyi vaxt, geridə geniş məkan qalar. Allah orada, hər biri, yaradıldığından yox olacağı günə qədər, dünyadan daha böyük olan, üç yüz altmış aləmi yerləşdirər. [Ramuz el-Ehadis-1, səh. 30/5]
Peyğəmbərimiz (s.ə.v)-in bu hədisində diqqət çəkdiyi kimi cənnətdə genişlik, rahatlıq vardır. Quranda cəhənnəm üçün təsvir edilən dar yerlərin, izdihamın tam əksinə cənnət geniş məkanlardan ibarətdir. Çünki insan ruhu, ətrafının açıq olmasından, rahat məkanlardan xoşlanacaq şəkildə yaradılmışdır. Quranda cənnətin genişliyindən belə bəhs edilir:
Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə qovuşmaq üçün yarışın. (Ali İmran surəsi, 133)

 

Cənnətdəki gözəl qoxular

Gözəl qoxu Allahın insanlara verdiyi çox böyük nemətdir. Lakin dünyada ən gözəl qoxunun təsiri belə, çox qısa müddət davam edər. Qoxu molekullarının havada yayılması və burnun da bir müddət sonra bu qoxuya alışması bu nemətdən alınan zövqü məhdudlaşdırar. Dolayısilə qoxunun gözəlliyi qədər, öz təsirini saxlaması da əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v) hədislərində cənnətdəki qoxuların gözəlliyinə və təsirinə belə işarə etmişdir:
Cənnət qadınlarından biri yer üzünə baxsa, yer üzü müşk qoxusuyla dolar və üzünün nuru Günəş və Ayın işığını söndürər. [Ramuz el-Ehadis-2, səh. 355/5]
Əgər bir huri barmaqlarından birini dünyaya göstərsə (yer-göy əhli) hər bir canlı, onun qoxusunu hiss edərdi. [Ramuz el-Ehadis-2, səh. 355/4]
Cənnətin qoxusu beş yüz illik yerdən hiss edilər. Axirət əməli ilə dünyanı tələb edən bir kimsə cənnətin bu qoxusunu hiss edə bilməz. [Ramuz el-Ehadis-1, səh. 292/3]
Peyğəmbərimiz (s.ə.v): “qidalar ən təravətli və ən gözəl qoxulara malikdir"  hədisiylə də cənnətdəki qidaların qoxularındakı gözəlliyi xəbər verir. [Kütüb-i Sitte-14, səh. 448/3]
Qidaların ləzzətini hiss etməyimizdə qoxunun çox böyük payı vardır. Məsələn, bişən bir kakaolu keksin cəlbedici olmasının səbəbi, ətrafa yayılan kakao və vanil qoxusudur. Eynilə manqalda bişən ətdən, portağaldan, pomidordan, qəhvədən və ya başqa bir qida və içkidən zövq almağımızdakı səbəblərdən biri bu qida və içkilərdəki qoxudur. İybilmə duyğumuz olmasaydı yediklərimizi bir-birindən ayırd etməyimiz, hər birindən ayrı-ayrı ləzzət almağımız da mümkün olmazdı. Bu baxımdan qoxunun nemətlərin ləzzətindən alınan zövqü tamamlayıcı cəhəti vardır.
Cənnətdəki qoxuların gözəlliyindən bəhs edilən digər bir hədis isə belədir:
...Birdən şimal küləyi əsər ki, onların üzlərinə və paltarlarına ən gözəl qoxuları yayar. [Tezkireti'l Kurtubi, səh. 325/562]
Bir hədisdə də qoxusuyla diqqət çəkən bitkilərdən belə bəhs edilir:
Şübhəsiz ki, xına (boyası və qoxusu) cənnətdəki qoxuların şahıdır... Allah cənnəti yaratdığı vaxt onu (gözəl) reyhan qoxusu ilə bürüdü, reyhan qoxusunu da hər tərəfdən xına (qoxusu) ilə bürüdü... [Tezkireti'l Kurtubi, səh. 342/619]
Hədislərdə bəhs edilən reyhan gözəl qoxusuyla tanınan bir bitkidir. Lakin bizim bildiyimiz, tanıdığımız qoxular da cənnətdə xeyli fərqli, çox xoşlayacağımız şəkildədir (doğrusunu Allah bilər).
Həmçinin cənnət mühitindəki qoxular insanlara zövq verən bir nemət olmaları üçün yaradıldıqlarından, dünyada tez-tez təmasda olduğumuz xoşagəlməz qoxuların heç biri orada olmayacaq. Bu cür qoxular insanlara dünyanın çatışmazlıqlarını xatırladan, onların cənnət mühitini arzulamalarına vəsilə olan dünyaya məxsus qüsurlardır. Cənnətdə bu cür qüsurlar aradan qaldırıldığı kimi, hər yeri də insan ruhunun zövq alacağı xoş qoxular bürüyəcəkdir. Necə ki, Peyğəmbərimiz (s.ə.v) bir hədisində cənnət üçün;"...hər tərəfindən gözəl qoxular yayılır..." deyə bildirmişdir. [Ramuz el-Ehadis-1, səh.170/1]

 

Cənnətdə səs və söhbətlərdəki gözəllik

Dünyada Quran əxlaqından uzaq yaşayan insanların keçirdikləri kədər, narahatlıq hislərinin yaranma səbəblərinin başında hər an qarşılaşdıqları ürəksındıran, alçaldıcı, vəsvəsə verən, ümidsizliyə sövq edən, dürüst olmayan, neqativ söhbətlər gəlir. Necə ki, söhbətlərdəki ən kiçik mənfi hal belə, ən gözəl mühiti narahatedici hala gətirə bilər. Eyni zamanda səmimi-qəlbdən deyilən xoş bir söz, söylənilən qürurlandırıcı, şövqləndirici, cəsarət və ümid verici bir söz, edilən səmimi və dürüst bir söhbət, bəzən insanın ətrafındakı maddi nemətlərdən xeyli əhəmiyyət kəsb edər. İnsanlar dünya həyatında narahatlıq hissi keçirəcəkləri söhbətlərlə tez-tez qarşılaşarlar. Halbuki Allah cənnətdə bunun olmadığını, möminlərin olduqca rahat mühitlərdə qarşılıqlı söhbət etdiklərini bizə xəbər verir. Allahın sevdiyi və cənnətinə qəbul etdiyi səmimi qullarıyla söhbət etməklə yanaşı, hər cür yalandan, boş və pis söhbətlərdən uzaq olmaq möminlər üçün çox böyük nemət olacaq. Allah bir ayədə bunun bəndələri üçün çox böyük lütf olduğunu bildirir:
Onlar orada nə “boş və mənasız söz”, nə də yalan eşidərlər. Bu Rəbbindən verilən əvəz olaraq yetərli lütfdür. (Nəbə surəsi, 35-36)
Peyğəmbərimiz (s.ə.v) də cənnətdəki söhbətlərin gözəlliyinə belə diqqət çəkmişdir:
Cənnət əhli elə bir kimsədir ki, Allah onun iki qulağını insanların özünə dediyi tərifiylə doldurar və o da onu eşidər. Cəhənnəm əhli isə elə bir kimsədir ki, Allah onun iki qulağını insanların özünə dedikləri pis sözləriylə doldurar və o da bunu eşidər. [Ramuz el-Ehadis-1, səh. 155/2]
Həmçinin hədislərdə möminlərin dünyadakı səmimi söhbətlərinin axirətdə də davam etdiyi bildirilir. Cənnətdə möminlərin öz aralarında söhbət edərkən dünya həyatlarında etdiklərini yada saldıqlarından bir hədisdə belə bəhs edilir:
Cənnət əhli cənnətdə yerləşdiyi vaxt qardaşlardan bəziləri digərlərini görmək istəyər. Birinin taxtı digərinin taxtının yanına, yaxınlıqdakının taxtı da digərinin taxtının yanına gedər. Onlar görüşdükdə hər ikisi də yaslanar və dünya həyatında aralarında keçən şeyləri qarşılıqlı surətdə danışmağa başlayarlar. Biri belə deyər: "ey qardaşım, yadındadırmı biz dünyada filan məsciddə olarkən Allaha dua etmişdik, məhz Allah da bizi bağışladı". [Ramuz el-Ehadis-1, səh. 29/12]

 

Cənnətdəki səs gözəlliyi

Cənnətdə, səs gözəlliyi də möminlərə ayrı bir nemət olaraq verilir. Həddindən artıq gur səs, cırıltılı musiqi, gurultulu mühit, çox uca səslə işləyən bir mühərrikin səsi və ya bir siqnal səsi qısa müddət davam etsə belə içində olduğumuz mühiti narahatedici hala gətirər. Necə ki, qışqırıq, fəryad, güclü əzab və ya ağrının təsiriylə çıxan səslər də insanlara cəhənnəmi xatırladan səslərdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə cənnətdə, həm hər kəsin öz səsi çox gözəl olacaq, həm də qulaqlarına gələn hər səs özlərinə xoş gələcək (doğrusunu Allah bilər). Hədislərdə cənnətdəki səs gözəlliyinə belə diqqət çəkilmişdir:
Cənnətdə hurilərin toplanma yerləri vardır. Səslərini qaldıracaqlar və varlıqlar onlarınkı qədər gözəl səsi o vaxta qədər heç eşitməmiş olacaqlar... [(Tirmizi), Büyük Hadis Külliyatı, səh. 409/10099]
Cənnətə girən hər kəsin baş və ayaq ucunda iki huri dayanar və insanların və cinlərin eşitdiyi ən gözəl səslə şeir oxuyarlar... [Ramuz el-Ehadis-2, səh. 384/7]