Mövzular

Cənnət Allahın ədalətinin təcəllisidir

Allah bir ayəsində: "O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı olacağını sınamaq üçün ölümü və həyatı yaratdı..." (Mülk surəsi, 2) deyə buyuraraq insanın yaradılmasındakı məqsədi bildirir. Başqa bir ayəsində də bu məqsədi dərk etməyən, boş və məqsədsiz həyat yaşamaq amalında olan insanları; "yoxsa Bizim sizi boş bir məqsəd uğruna yaratdığımızı və həqiqətən Bizə qaytarılmayacağınızı zənn etmişdiniz?" (Muminun surəsi, 115) deyə sorğu-sual etdiyini bildirir. İnsan dünyada olduğu müddətdə Qurana inanmaqla, hər düşüncəsində və rəftarında Allahın rizasını axtarmaqla, vicdanından istifadə etməklə, gözəl əxlaqı yaşamaqla, saleh əməllər etməklə məsuldur. Bu açıq həqiqətə baxmayaraq, yaradılış məqsədindən uzaq yaşayan insanların məqsədləri fərqli olar. Halbuki insanın etdiyi hər şey, söylədiyi hər söz, hətta ağlından keçən bütün düşüncələr, axirətdə qabağına qoyulması üçün əməl dəftərinə yazılır. Allahın Quranda: "...Şübhəsiz ki, etdiklərinizdən məsul olacaqsınız" (Nəhl surəsi, 93) və "etdikləri əməllərdən ötrü hər biri üçün dərəcələr vardır..." (Ənam surəsi, 132) ayələriylə bildirdiyi kimi insanlar etdikləri bütün əməllərin qarşılığını axirətdə mütləq alacaqlar. Bu həqiqət bir hədisdə belə xəbər verilir:
Peşman olan kimsə, Allahın rəhm etməsini gözləyər. Özünü bəyənən də Allahın qəzəbini gözləyər. Hər kəs Allahın hüzuruna, ölümündən əvvəl etdiyi əməllə gələr və mütləq onların arasında əməllərinə hökm verilər... Kim zərrə qədər yaxşılıq etsə onu görər. Kim də zərrə qədər pislik etsə onu görər. [Ramuz el-Ehadis-1, səh. 237}
Quranda bu mövzunun xəbər verildiyi ayələrdən bir neçəsi belədir:

Mələklər xoşluqla canlarını alıb: “Sizə salam olsun!” deyərlər. “Əməllərinizə görə cənnətə girin!” (Nəhl surəsi, 32)
Hər kəsin etdiyi yaxşı əməlləri qarşısında hazır şəkildə görəcəyi və etdiyi hər bir pis əməli ilə özü arasında çox böyük məsafə olmasını istəyəcəyi o günü (düşünün)... (Ali İmran surəsi, 30)
Sizin yanınızda olan tükənər, Allah yanında olan isə əbədi qalar. Səbir edənləri etdikləri ən yaxşı əmələ görə mükafatlandırarıq. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə ki, gözəl həyat bəxş edər və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandırarıq. (Nəhl surəsi, 96-97)
İncildə də hər kəsin etdiyi əməlin qarşılığını alacağı yazılmışdır:
Allah "hər kəsə etdiyi əməllərin qarşılığını verəcək". Dayanmadan yaxşılıq edərək ucalıq, möhtərəmlik və ölümsüzlüyü axtaranlara sonsuz həyat bəxş edəcək. Lakin eqoist olanlara, həqiqəti inkar edənlərə və haqsızlıq edənlərə isə qəzəblənəcək və hirslənəcək. (Pavlusun romalılara Mektubu, 2-ci hissə, 6-8)
Allah yerdə və göydə olub bitən hər şeyi görər, hər söhbəti, pıçıltını eşidər və bütün insanların etdiyi əməllərdən xəbərdardır. Heç nə Ondan gizli qalmaz. Allahın bizə şah damarımızdan daha yaxın olduğunu, hər söhbətimizi, içimizdən keçən hər şeyi bildiyini, baxdığımız, gördüyümüz hər şeyi Allahın hər an hər cəhətdən gördüyünü yaxşı qavramaq lazımdır. Çünki Allah axirət günü insanların "heç güman etmədikləri şeyləri" (Zumər surəsi, 47) də ortaya çıxardacaq. İnsanların izdihamlı mühitdə və ya tək olduqları zaman, etdikləri hər şeyin, ağızlarından çıxan hər sözün, ağıllarından keçən hər düşüncənin, bəlkə də içlərində gizli qalacağını zənn etdikləri hər şeyin axirətdə müəyyən qarşılığı var. Bu, Allahın sonsuz ədalətinin təcəllasıdır. Bu həqiqəti bildirən ayələrdən biri belədir:
Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini tam versin. Onlara əsla zülm edilməz. (Əhqaf surəsi, 19)

 

Cənnətin dərəcə-dərəcə olması

Quranda bildirilən; "onlar Allah yanında müxtəlif dərəcələrə sahibdirlər..." (Ali İmran surəsi, 163) ayəsindən də aydın olduğu kimi, cənnətə girəcək kəslər də yenə təqvalarının dərəcəsinə görə qarşılıq görərlər. Bu vəziyyətdən bir hədisdə belə bəhs edilir:
...Cənnəti də əməllərə görə bölərlər (çox əməli olan çox pay alar). [Ramuz el-Ehadis-1, səh. 198/17]
Əlbəttə ki, bir insan cənnətin hansı dərəcəsində olsa da, bundan mütləq razı qalacaq, çünki, Allah cənnətdəki bütün bəndələrinə razılıq vəd etmişdir. Rəbbimiz səmimi qullarının Özündən razı qalaraq cənnətə girəcəklərini bildirir (Beyyinə surəsi, 8). Lakin, necə ki, dünyada eyni nemətdən hər kəs fərqli dərəcədə zövq və ləzzət alırsa, bənzər şəkildə axirətdə də nemətlərdən alınan zövqün dərəcəsi fərqli ola bilər (doğrusunu Allah bilər). Məsələn, hər kəs gözəl mənzərəyə baxdığı zaman, gördüklərindən zövq alar, lakin içlərində Allaha ən yaxın olan, Allahın qədrini daha layiqincə təqdir edə bilən kəslər, bu gözəllikdən daha çox zövq ala bilərlər. Allah yüksək dərəcələrə layiq olacaq bəndələrinin xüsusiyyətlərini bir ayəsində belə bildirir:
İman edənlər, hicrət edənlər və Allah yolunda öz malı və canı ilə cihad edənlərin (səy göstərənlərin) Allah yanında yüksək dərəcələri vardır. Məhz bu kəslər “qurtulan və xoşbəxt olanlar”dır. (Tövbə surəsi, 20)
Hədislərdə isə cənnətdəki dərəcələrə belə diqqət çəkilmişdir:
Cənnətdə yüz dərəcə vardır. Biri bütün aləmləri içinə alar. [Ramuz el-Ehadis-1, səh. 125/8]
Cənnət yüz dərəcədir. Doxsan doqquzu ağıl sahiblərinə məxsusdur. Geriyə qalan biri isə digər əhaliyə. [Ramuz el-Ehadis-1, səh. 200/11]
Cənnət əhli qurfələrdə (cənnət köşklərində) qalanları (əhli quraf) görərlər. Eynilə üfüqdə şərqdən qərbə doğru hərəkət edən mirvari tək parlaq ulduzları gördüyünüz kimi. Aralarındakı fəzilət fərqi (qurfə əhlini) belə yuxarıda göstərər. [Buhari, Müslim, Cennet 11, 2831]
Yenə hədislərdə bildirildiyinə görə bu dərəcələrdən ən yüksək olanı Firdovs cənnətidir:
Cənnət yüz dərəcədir. Ardıcıl iki dərəcənin arası, yerlə göy arasındakı məsafə kimidir. Firdovs ən yüksəyi olub, cənnətin orta hissəsində yerləşər və onun üstü Rəhmanın ərşidir. Cənnətin çayları buradan başlayar. Allahdan istədiyiniz zaman, Firdovs cənnətini istəyin. [Ramus el-Ehadis-1, səh. 200/4]
Həmçinin hədislərdə Ədn cənnətindən də bəhs edilir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində Ədn cənnəti ilə əlaqədar bunları bildirir:
Dörd Firdovs cənnəti vardır: ikisinin zinətləri, qab-qacaqları və içindəkilər qızıldandır. İkisinin zinətləri, qab-qacaqları və içindəkilər isə gümüşdəndir. (Ədn) Cənnətindəkilərlə Allahın vəchi (üzü) arasında, təkcə böyüklük pərdəsi vardır və bu çaylar (süddən, baldan, şərabdan və sudan olan çaylar) Ədn cənnətindən başlayar, sonra isə digərlərinə paylanar. [Ramuz el-Ehadis-1, səh. 272/4]
Peyğəmbərimiz (s.ə.v) digər bir hədisində isə Ədn cənnətinin ehtişamını belə təsvir edir:
...Bir kərpici ağ mirvaridən, bir kərpici qırmızı yaqutdan, bir kərpici də zəbərcəddəndir (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş). Palçığı xalis müşk, çınqılları parlaq, qiymətli, otları isə zəfərandandır. [Dünya Ötesi Safer, səh. 295]
Cənnətin hər dərəcəsindəki insan özünə görə zövq alacaq. Lakin cənnət əhlindən olan bir insan, yuxarı dərəcədəki insanın aldığı zövqdən ötrü özündə çatışmazlıq hiss etməyəcək. Allah Quranda möminlərin cənnətdə "razı" (Fəcr surəsi, 28) qaldıqlarını, Allahdan "razı" (Beyyinə surəsi, 8) olduqlarını və "kədərlənməyəcəklərini" (Ali İmran surəsi, 170) bildirir. Necə ki, cənnət əhlinin hər dərəcəsindəki insanın nə qədər çox nemətə sahib olduğu bir hədisdə belə təsvir edilir:
Cənnət əhlinin ən aşağı dərəcəsində olan insanın səksən min xidmətçisi, yetmiş iki zövcəsi olacaq. Həmçinin onun üçün mirvari, zəbərcəd (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) və yaqutdan düzəldilmiş bir çadır qurulacaq və bunun uzunluğu Cabiyə (Şam torpaqlarında bir şəhər adı) ilə Səna (Yəməndə bir şəhər adı) arasındakı məsafə qədər olacaq. [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 412/10114]
Aşağıdakı hədisdə cənnətdəki dərəcələrlə əlaqədar belə bildirilmişdir:
Cənnətdə ən aşağı dərəcəyə sahib olan insan cənnətlərinə, zövcələrinə, nemətlərinə, xidmətçilərinə və yataqlarına baxar. Min illik yoldan görüb bunları seyr edə biləcək. Allah dərgahında olanların ən dəyərliləri isə, səhər-axşam Allahın camalını görə bilənlərdir. [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 412/10115]
İslam alimi Bədiüzzaman Səid Nursi cənnətlə əlaqəli bir düşüncəsində, insanın təkcə “imanı” sayəsində cənnətdəki yüksək dərəcələrə sahib olmağı ümid edə biləcəyinə diqqət çəkmişdir:
...İnsan nuru-iman ilə (imanın nuruyla), əlayi-illiyyinə (cənnətdəki ən yüksək dərəcəyə) sahib olar; cənnətə layiq dəyər qazanar. [Gençlik ve Ölüm, səh. 435]
Səmimi müsəlman həmişə Allah dərgahında, cənnətdəki ən yüksək dərəcəyə layiq ola bilmək üçün səy göstərməlidir. Kamil iman sahibi olmaq və Allaha xeyli yaxın olmağı istəmək, Allahın rizasına uyğundur.

 

Cənnət əhlinin xüsusiyyətləri

Bir çox ayə namaz, oruc, zəkat kimi müəyyən ibadətlərlə yanaşı, gözəl əxlaqla əlaqəlidir. Allah insanlara həm özlərinin gözəl əxlaqla yaşamalarını, həm də digər insanlara bunu tövsiyə etmələrini əmr edir. Allahın əmr və tövsiyələrinə iman edildiyi və hər kəsin gözəl əxlaq sahibi olduğu cəmiyyətlərdə cənnət həyatındakına bənzər ruh halı yaşanar.
Müsəlmanlar Allahın səmimi qullarıdır. Bütün düşüncələrində, rəftarlarında və söhbətlərində Allahın rizasını güdər və Ondan qorxub çəkinərək hərəkət edərlər. Şeytanın təlqin etdiyi gizli və açıq heç bir mənfi şey əsla icazə verməyən, ağlı və vicdanı təmiz kəslərdir. Axirətə də bu təmiz vicdanla gedərlər.
Allah: "Bir zaman o, öz Rəbbinin yanına pak qəlblə gəldi" (Saffat surəsi, 84) ayəsiylə müsəlmanların ruhlarındakı bu təmizliyi bildirərkən; "içlərində əbədi qalacaqları ağacları altından çaylar axan Ədn cənnətləri də (onlarındır). Bu, təmizlənənlərin mükafatıdır" (Taha surəsi, 76) ayəsiylə bu bəndələrinə cənnətini vəd etmişdir.
Səmimi müsəlmanlar qəzəb, kin, qısqanclıq kimi çirkin əxlaq xüsusiyyətlərindən təmizlənmiş, qəlbən Allaha bağlanmış şəkildə yaşayarlar. Bunlar, Allahın: "Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır..." (Rad surəsi, 28) ayəsiylə bildirdiyi kəslərdir və "iman gətirib saleh əməllər edənlər və Rəblərinə qəlbləri razı qalmış halda bağlananlar, məhz bunlar cənnət sakinləridir. Bunlar orada əbədi qalacaqlar" (Hud surəsi, 23) ayəsində bildirdiyi kimi cənnətlə müjdələnirlər. Allah başqa ayələrdə isə; "ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!" (Fəcr surəsi, 27-30) deyə buyurur və dünyada təmizlənərək nəfsi mutmain (qane olmuş) qullarını cənnətinə çağırır.
Allahın razı olduğu bu xüsusiyyətlərə sahib olan iman sahiblərinin düşüncələri və hərəkətləri imanlarının dərinliyini əks etdirər. Allah sevgisi və qorxusuyla hərəkət etdikləri üçün bütün halları gözəldir. Sahib olduqları bu gözəllik Allaha səmimi surətdə qulluq etmələrindən irəli gələn bir nurdur. Bu kəslər Allahın: "...Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir..." (Fəth surəsi, 29) ayəsində bildirdiyi kimi üzlərindəki səcdə izindən tanınırlar.
Baxışları Allahın lütfü sayəsində olduqca gözəl və mənalıdır. Söhbətləri Allahın rizasına uyğundur və sözləri həmişə gözəldir. Allahın: "Allahın necə bir məsəl çəkdiyini görmədinmi? Gözəl söz kökü yerdə möhkəm olan, qolları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz meyvəsini daim verir..." (İbrahim surəsi, 24-25) ayələrində bildirdiyi kimi dedikləri sözlər həmişə gözəl nəticələr doğurar. İtaətkar, həlim, yolagedən, mehriban, səmimi və istiqanlıdırlar. Bu səbəblə də gözəl həyat içində, dostluğu, sevgini ən çox yaşayan insanlardır. Onlara dünya həyatında bu nemət və gözəllikləri yaşadan Allahdır. Onun axirətdə verəcəyi bu nemətlər isə əbədi olacaq.
Peyğəmbərimiz (s.ə.v) də bir çox hədisində cənnətə girən kəslərin gözəl əxlaqlarına diqqət çəkmişdir. Bu hədislərdən biri belədir:
...Cənnətə girmələrini ən çox təmin edən şeylər nələrdir? Allah qorxusu və gözəl əxlaqdır... [Ramuz el-Ehadis-1, səh. 12/8]
Peyğəmbərimiz (s.ə.v) bir hədisdə cənnətə layiq ola bilmək üçün yadda saxlanılması lazım olan mövzuları da belə bildirmişdir:
...Allah qorxusundan ötrü günahlardan çəkinməyiniz, qəbirlərdə çürüməyi, daxilinizi və daxilinizdəkiləri, başı və başdakıları unutmamağınızdır. Kim axirət nemətini istəsə, dünya zinətini tərk etsin. Onda qul "həqiqi mənada Allah qorxusundan ötrü günahlardan çəkinmiş" olar. O zaman Allahın dostluğuna nail olmuş olar. [Ramuz el-Ehadis-2, səh. 343/2]
Gözəl əxlaq xüsusiyyətləri olaraq Peyğəmbərimiz (s.ə.v), "ədalətli"; "mərhəmətli", "səbirli"; "əliaçıq"; "nəzif" (təmiz); "iffətli, namuslu" və "doğruçu" olmağı hədislərində tez-tez xatırlatmışdır.
Həmçinin Peyğəmbərimiz (s.ə.v) cənnəti qazana bilmək üçün "gizlində və aşkarda xeyirxahlıq" etməyi; "xoş söz deməyi"; "bolluqda da, qıtlıqda da Allaha şükür" etməyi; "sədəqə verməyi"; "Allaha heç nəyi şirk qoşmamağı"; "elm arxasınca getməyi"; "Allahdan qorxmağı"; elçiyə "itaət" etməyi; "təkəbbürlü olmaqdan"dan çəkinməyi; "kasıb olduğu halda iffətli olub, dilənçilik və üzsüzlük etməməyi", "dürüst tacir" olmağı, Rəbbimiz olan Allahdan "razı qalmağı", "Allah üçün, dini üçün xeyirxahlıq etməyi" xatırlatmışdır.
Peyğəmbərimiz (s.ə.v)-in diqqət çəkdiyi bütün bu mövzular Quranda Allahın rizasını, sevgisini qazanmaq üçün sahib olunması lazım olan mömin xüsusiyyətləri kimi bildirilir.
İncildə isə cənnətə layiq olanların xüsusiyyətlərindən belə bəhs edilir:
...Göylərin hökmranlığı onlara məxsusdur... Onlara təsəlli veriləcəkdir. Müjdə həlim xasiyyətli olanlaradır! Onlar yer üzünün varisi olacaqlar. Müjdə doğruluğa acıb susayanlaradır! Onlar doyurulacaqlar. Müjdə mərhəmətli olanlaradır! Onlara rəhm ediləcək. Müjdə qəlbi təmiz olanlaradır! Onlar Allahı görəcəklər. Müjdə sülhü təmin edənlərədir!... Müjdə haqq-ədalət uğrunda zülmə məruz qalanlaradır! Göylərin hökmranlığı onlara məxsusdur. Sevinin, sevinib coşun! Çünki göylərdəki mükafatınız böyükdür... (Matta, 5-ci hissə, 2-12)
Başqa İncil hissələrində isə cənnətə girəcək kəslərin xüsusiyyətləri belə ifadə edilir:
İsa yola düşərkən, biri qaça-qaça yanına gəldi. Qarşısında diz çöküb ondan: "Ey mənim yaxşı müəllimim, mən əbədi həyata qovuşmaq üçün nə etməliyəm?" deyə soruşdu. İsa ona: "Mənə niyə yaxşı deyirsən?" dedi. "Yaxşı olan təkcə biri var, o da Allahdır. Onun əmrlərini bilirsən; "adam öldürmə, zina etmə, oğurluq etmə, yalançı şahidlik etmə, heç kimin haqqını yemə, ata-anana hörmət et". Həmin insan: "Müəllimim, bunların hamısına gəncliyimdən bəri əməl edirəm" dedi. Ona sevgiylə baxan İsa: "Etmədiyin bir şey var" dedi. "Get nəyin varsa sat, pulunu yoxsullara ver; beləcə göydə xəzinən olar. Sonra gəl, məni izlə". (Markos, 10-cı hissə, 17-21)
...Bir-birinizi qardaşcasına sevin. Şəfqətli və təvazökar olun. Pisliyə pisliklə, söyüşə söyüşlə deyil, əksinə xeyir-dua ilə cavab verin. Çünki, üstünlüyü, xeyir-duanı miras almaq üçün çağırıldınız. Belə ki, "həyatı sevmək və yaxşı günlər görmək istəyən kəs, dilini pislikdən, dodaqlarını da hiyləli sözlərdən uzaq tutsun. Pis əməllərdən çəkinsin və yaxşılıq etsin. Rifahı axtarıb onun ardınca getsin. (Petrusun Birinci Mektubu, 3-cü hissə, 8-11)
...Dürüstlüyün, Allah yolunun, imanın, sevginin, səbrin və itaətkarlığın arxasınca qaç. İman uğrunda uca mübarizəni davam etdir. Əbədi həyatdan möhkəm yapış. Bunun üçün çağırıldın və bir çox şahid qarşısında uca inancı açıq şəkildə mənimsədin. İndiki dövrdə zəngin olanlara lovğalanmamalarını, müvəqqəti zənginliyə bel bağlamamalarını əmr et. Zövq almağımız üçün bizə hər şeyi bol şəkildə verən Allaha bel bağlasınlar. Onlara yaxşılıq etmələrini, yaxşı əməl baxımından zəngin olmalarını, əliaçıq və paylaşmağa istəkli olmalarını əmr et. Beləliklə də həqiqi həyata qovuşmaq üzrə gələcək üçün özlərinə möhkəm təməl olacaq bir xəzinə toplamış olarlar. (Pavlusun Timoteyusa Birinci Mektubu, 6-cı hissə, 11-19)

 

Cənnət sevincini yaşamaq

Müsəlmanlar üçün dünyada ən mühüm nemətlərdən biri axirətdə cənnəti qazanmağı ümid edə bilmələridir. Allah dünyanı müsəlmanların cənnətə qovuşmağı arzulayacaqları şəkildə yaratmışdır. Allahın və axirətin varlığına iman edən hər kəs, dünyada mövcud olan nemət və gözəlliklər qarşısında həmişə cənnəti xatırlayacaq, bu nemətlərin müvəqqəti olduğunu bilərək cənnətdəki əsillərini istəyəcək. Necə ki, belə bir insanın cənnətə qovuşma istəyi və bundan ötrü keçirdiyi həyəcan hissi, rəftarlarından, danışıqlarından, din əxlaqını yaşamasındakı səmimi səyindən hiss ediləcək.
Möminlər cənnətə qovuşmağı ümid etdiklərindən ötrü həmişə həyəcan içindədirlər. Həyəcan və şövqləriylə yanaşı, Rəbbimizin bənzərsiz nemətlərinə varis edəcəyi kəslərə vəd edilən cənnətlə sevinc içindədirlər.
İncildə cənnət sevincindən belə bəhs edilir:
O gün sevinin, coşğuyla atılıb düşün! Çünki göydəki mükafatınız böyükdür... (Luka, 6-cı hissə, 23)
İncilin başqa bir yerində isə çox az insanın cənnətə layiq olacağından bəhs edilir:
Biri ona; "xilas olanların sayı azmı olacaq?" deyə sual verdi. İsa oradakılara belə dedi: "Dar qapıdan girməyə cəhd edin. Sizə bunu deyim ki, çoxu içəri girmək istəyəcək, lakin girə bilməyəcək. (Luka, 13-cü hissə, 23-24)
İmanın qazandırdığı ağıl və vicdanla, cənnəti lazım olduğu kimi düşünə bilən bir insan, mənəvi dərinliyi ölçüsündə də bu nemətdən xəbərdar olaraq yaşayacaq. Cənnətin əhəmiyyətinə, heç nə ilə müqayisə edilə bilməyəcək dəyərinə diqqət çəkilən hədislərdən bir hissəsi belədir:
Cənnətdəki bir qamçılıq yer dünya və dünyadakı şeylərdən xeyirlidir. [Ramuz el-Ehadis-1, səh. 132/9]
Cənnətdə yay qədər bir yer var, Günəşin üstündə doğduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir. [(Buxari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 429/2]
Sayt boyunca Quran ayələri və hədislər vasitəsilə verilən təsvirlərlə qeyd etdiyimiz kimi, cənnətə aid hər şey dünyadakılarla müqayisə edilə bilməyəcək qədər mükəmməldir. Cənnətdəki bu üstünlük və qüsursuzluq insanın ömrü boyu axtardığı və yaşaya bilmədiyi gözəllikdir. Dolayısilə cənnətə qovuşmağı arzulamaq, ona layiq ola bilmə ümidini hiss edə bilmək və Rəbbimizin cənnət vədinin sevincini yaşamaq ayrıca çox böyük nemətdir.