Mövzular

Torpağın titrəyib qabarması

...Sən yer üzünü qupquru ölü kimi görərsən, lakin Biz ona yağış endirdiyimiz zaman o, titrəyər (hərəkətə gələr), qabarar və hər gözəl növdən (məhsullar) bitirər. (Həcc surəsi, 5)
Yuxarıdakı ayədə “titrəyər” kimi tərcümə edilən kəlmənin ərəbcəsi “ihtezzet”dir və bu kəlmə “hərəkətə keçmək”, “canlanmaq”, “titrəmək”, “tərpənmək”, “qımıldamaq”, “bitkinin hərəkətə keçməsi və uzanması” mənalarına gəlir. “Qabarar” kimi tərcümə edilən “rebet” kəlməsi isə “artmaq”, “çoxalmaq”, “qabarmaq”, “böyümək”, “inkişaf etmək”, “(bitkinin) ucalması”, “ərzaq təmin etmək”, “şişmək”, “içi hava ilə dolmaq” mənalarına gəlir. Ayədə qeyd edilən bu kəlmələr yağış zamanı torpağın molekulyar quruluşundakı dəyişiklikləri ən düzgün kəlmələrlə ifadə edir.
Ayədə təsvir edilən hərəkətlilik, yer qabığının zəlzələlər zamanı olduğu kimi kütləvi hərəkətindən fərqlidir və torpağı təşkil edən hissəciklərin titrəməsi kimi ifadə edilir. Torpaq hissəcikləri bir-birinin üstünə keçən təbəqələrdən yaranır və su bu təbəqələrin arasına daxil olduqda, torpaq hissəciklərinin həcm etibarilə böyüməsinə və qabarmasına səbəb olar. Ayədə bəhs edilən mərhələlər elmi cəhətdən bu formadadır:
1) Torpağın titrəməsi - torpaq yağış suyunu kifayət qədər özünə çəkəndə torpaq hissəciklərinin səthində yaranan elektrostatik yük, tarazlığın pozulmasına səbəb olar. Bu da torpaq hissəciklərinin titrəməsinə gətirib çıxardar. Bu titrəmə, torpaq hissəciklərinin elektrik yükü tarazlanana qədər davam edər. Torpaq hissəciklərinin hərəkətə gəlib titrəməsi, onların su zərrəcikləri ilə toqquşması nəticəsində də baş verər. Su zərrəcikləri müəyyən istiqamətdə hərəkət etmir. Hər tərəfdən dəyən su zərrəcikləri, torpaq hissəciklərinin yerlərini dəyişdirməsinə səbəb olar. Bu, hərəkət hazırda “Braun hərəkəti” (Brownian movement) kimi tanınan və 1827-ci ildə Robert Braun (Robert Brown) adlı şotland botanikin tərif verdiyi mikroskopik zərrəciklərin hərəkətidir.(5) Braun (Brown) yağış damcılarının torpağa düşdükdə torpaq molekullarında bir növ silkələnmə və titrəyiş yaratdığını kəşf etmişdir.
2) Torpağın qabarması - yağış yağanda müxtəlif istiqamətlərdən gələn su damcıları, torpaq hissəciklərinin titrəməsinə, beləliklə, suyu özünə çəkərək həcminin böyüməsinə səbəb olar. Çünki suyun miqdarı bol olanda torpaq hissəciklərinin arasındakı məsafə artar. Bu boşluqlar su zərrəciklərinin və həll olmuş ionların torpağın içinə daxil olmasını təmin edər. Su və suyun içində həll olmuş şəkildə mövcud olan başqa qidalandırıcı maddələr təbəqələr arasında yayılar. Bu da torpaq hissəciklərinin həcminin böyüməsinə səbəb olar. Dolayısilə, bu hissəciklər torpağı canlandırmaq üçün zəruri olan su anbarı kimi fəaliyyət göstərirlər. Yerin cazibə qüvvəsinə baxmayaraq, suyun sızmadan torpaq hissəciklərinin təbəqələri arasına toplanması Allahın insanlara olan sonsuz mərhəmətinin nümunələrindən biridir. Əgər torpağın suyu saxlama xüsusiyyəti olmasaydı və torpaqda bu mineral anbarları yaranmasaydı, su torpağın dərinliklərinə sızar və bitkilər qısa vaxtda məhv olardı. Lakin Rəbbimiz torpağı müxtəlif məhsullar çıxmasını təmin edəcək xüsusiyyətlərlə birlikdə yaradıb.
3) Torpağın məhsul verməsi - torpaqdakı suyun miqdarı kifayət edəcək həddə çatanda, toxumlar aktivləşər və bəsit qidalandırıcı elementləri əmməyə başlayarlar. Getdikcə inkişaf edən bitkilər su ehtiyaclarını 2-3 ay ərzində bu anbarların hesabına təmin edərlər.
Quru torpağa yağış düşəndə baş verən proseslərdən yuxarıdakı ayədə üç mərhələli şəkildə bəhs edilir: torpağın titrəməsi, torpağın qabarması və torpağın məhsul verməsi. Göründüyü kimi, Quranda dövrümüzdən 14 əsr əvvəl bildirilən bu mərhələlər elmi izahlarla tamamilə üst-üstə düşür. Digər bir ayədə isə bununla bağlı belə buyurulur:
Ölü torpaq onlar üçün bir ayədir (dəlildir). Biz onu diriltdik, ondan dənələr çıxartdıq, beləliklə ondan yeyirlər. (Yasin surəsi, 33)

 

Ölü diyarı canlandıran yağışlar

Quranda, yağışın "ölü bir diyarı diriltmə" funksiyasına bir çox ayədə diqqət çəkilir:
...Biz göydən tərtəmiz su endiririk ki, onunla ölü bir diyarı (torpağı) canlandıraq və yaratdığımız neçə-neçə heyvanlara və neçə-neçə insanlara ondan içirdək. (Furqan surəsi, 48-49)
Yağış suyunun canlılar üçün həyati əhəmiyyət kəsb etməsi ilə yanaşı, onun həm də gübrələmək xüsusiyyəti var. Dənizlərdən buxarlanaraq buludlara çatan yağış damcılarında ölü torpağı “canlandıracaq” bəzi maddələr var. Bu xüsusiyyətə malik olan yağış damcılarına “səthi gərilmə damcıları” deyilir. Bu damcılar bioloqların dəniz səthinin mikro təbəqəsi adlandırdıqları üst təbəqədə əmələ gəlir. Millimetrin onda bir hissəsindən daha nazik olan bu səthi pərdədə mikroskopik yosunlarının və zooplanktonların çürüməsindən yaranan çoxlu üzvi tullantı var. Bu tullantıların bəziləri, dəniz suyunda çox az mövcud olan fosfor, maqnezium, kalium kimi elementləri və həmçinin mis, sink, kobalt və qurğuşun kimi ağır metalları seçib ayıraraq özündə toplayar. Yer üzündəki toxum və bitkilər, yetişmələri üçün lazım olan çoxsaylı minerallar və elementləri məhz bu yağış damcılarından alarlar.
Quranın digər bir ayəsində bu hadisə belə bildirilir:
Və göydən mübarək (bərəkət və rəhmət yüklü) su endirdik; beləliklə onunla bağlar və biçiləcək dənələr yetişdirdik. (Qaf surəsi, 9)
Yağışla torpağa enən bu duzlar məhsuldarlığı artırmaq üçün istifadə edilən ənənəvi gübrələrin bəzilərinin (kalsium, maqnezium, kalium və başqalarının) kiçik nümunələridir. Bu cür aerozollarda olan ağır metallar isə bitkilərin inkişafı və daha yaxşı məhsul verməsi üçün lazım gələn elementləri meydana gətirirlər. Bir sözlə, yağış mühüm gübrədir. Kasıb torpaq, yalnız yağış vasitəsilə gələn bu gübrələrlə belə, əsrlik müddət ərzində bitkilər üçün lazım olan bütün elementləri əldə edə bilər. Meşələr də yenə bu dəniz mənşəli aerozolların köməyi ilə qidalanar və inkişaf edərlər.
Bu yolla quru torpaq sahəsinə hər il 150 milyon ton gübrə düşür. Bu təbii gübrələnmə olmasaydı, Yerdə daha az bitki olar, həyatın nizamı pozulardı. Ayədə verilən, yağışın canlandırma xüsusiyyəti ilə əlaqədar məlumat, Quranın çoxsaylı möcüzəvi xüsusiyyətindən yalnız biridir.

 

Dolu, şimşək və göy gurultusunun əmələ gəlməsi

“...Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Bu buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin. (Nur surəsi, 43)
Yuxarıdakı ayədə şimşəyin dolu ilə əlaqəsinə diqqət çəkilir. Dolunun şimşəyin əmələ gəlməsinə təsirinin olub-olmaması araşdırıldığı zaman, ayədə mühüm bir meteoroloji həqiqətə işarə edildiyi görünər.
“Meterology Today” (“Meteorologiya bu gün”) adlı kitabda dolunun və şimşəyin əmələ gəlməsi ilə bağlı belə bir izah verilir:
“Həddindən artıq soyumuş damcılardan və buz kristallarından əmələ gələn bir bulud zonasıdan dolu düşdükcə buludlar elektriklə yüklənər. Maye halındakı damcılar da dolu dənələri ilə toqquşan kimi donar və potensial istilikləri azalar. Bu da dolunun səthinin buz kristallarının kənarından daha isti qalmasını təmin edər. Dolu buz kristalı ilə təmasa keçdikdə isə mühüm bir hadisə baş verər. Elektronlar daha soyuq olandan daha isti olana tərəf hərəkət edərlər. Bunun nəticəsində dolu mənfi yüklü olar. Eyni təsir çox soyumuş su damcıları bir dolu dənəsi ilə təmasa keçəndə və müsbət yüklü çox kiçik buz zərrəcikləri sındıqda da baş verər. Daha yüngül və müsbət yüklü zərrəciklər hava cərəyanı ilə buludların yuxarı tərəfinə doğru daşınarlar. Mənfi yüklə qalan dolu, buludun aşağısına tərəf düşər, bununla da buludun aşağı tərəfi mənfi yüklə yüklənər. Bu mənfi yüklər ildırım şəklində Yer üzünə tərəf istiqamətlənməklə boşalarlar. Buna görə də dolu ildırımın əmələ gəlməsində əsas amildir”.
Aşağıdakı ayədə isə əsas yağışlı buludların (nimbus) şimşəklərlə əlaqəsinə və bu yaranma proseslərinin ardıcıllığına diqqət çəkilmişdir ki, bunlar da elmi kəşflərlə tam şəkildə üst-üstə düşür:
Yaxud (bunlar) qaranlıq, göy gurultusu və şimşək(lər)lə yüklü, “göydən şiddətlə yağan fırtınaya tutulmuş kimidirlər ki, ildırımların saldığı dəhşətlə”; ölüm qorxusundan barmaqlarıyla qulaqlarını tıxayarlar...” (Bəqərə surəsi, 19)
Yağışlı buludların (nimbus) tutduğu sahə 25,6 km2-256 km2 olub, 9-12 km. yüksəkliyində olan çox böyük kütlələr halındadır. Bu buludların oturacağı onların belə fövqəltəbii dərəcədə qalın olması səbəbi ilə qaranlıqdır. Buludu təşkil edən su və buz zərrəciklərinin miqdarı çox olduğu üçün günəş şüaları bu buluddan keçə bilmirlər. Bu sıxlıqdan ötrü də, Yer səthinə çox az miqdarda günəş şüası çatar və buna görə də Yerdən baxan insan buludu qaranlıq kimi görər. Buludun üst hissələrində isə qaranlıq daha azdır və Yer üzünə yaxınlaşdıqca qaranlıq daha da artar.
Qaranlıqdan sonra ayədə diqqət çəkilən göy gurultusu və şimşəyin əmələgəlmə mərhələləri isə belədir: yağışlı buludların (nimbus) içində elektrik yükü toplanar. Buludlardakı bu elektriklənmə, donma, damcıların bölünməsi, təmas zamanı elektriklənmə kimi proseslər nəticəsində baş verər. Bu cür elektrik yükünün toplanması araya girən havanın onları təcrid edə bilməyəcək vəziyyətə gəlməsi ilə, böyük qığılcım, müsbət və mənfi elektrik sahələri arasında boşalar. Əks yüklərlə yüklənmiş iki sahə arasındakı gərginlik bir milyard volta çata bilər. Qığılcım buludda da əmələ gələ bilər, müsbət yüklü sahədən mənfi yüklü sahəyə tərəf iki bulud arasında axa bilər və ya bir buluddan Yer üzünə doğru boşala bilər. Bu qığılcımlar gözqamaşdırıcı şimşək çaxmalarını əmələ gətirər. Şimşək xətti boyunca meydana gələn elektrik yükündəki bu qəfil artım çox yüksək hərarətə (10.000 0C) səbəb olar. Bunun nəticəsində havada ani genişlənmə baş verər və çox böyük partlayış səsi şəklində üzə çıxan göy gurultusu yaranar.
Göründüyü kimi, bir yağışlı buludda (nimbus) ardıcıllıqla qaranlıq təbəqələr, şimşək kimi bilinən elektrik yüklü qığılcımlar və göy gurultusu kimi bilinən partlayış səsi meydana gələr. Müasir elmin buludların əmələ gəlməsi, göy gurultusunun və şimşəyin səbəbləri ilə bağlı söylədiklərinin hamısı, Quranın müvafiq ayələrinin bütün tərifləri ilə böyük uyğunluq təşkil edir.