Mövzular

Cənnət əhlinin Allaha olan yaxınlığı

Cənnətdəkilərin Allahın uca Zatının təcəllasını görə bilmələri

İndiyə qədər sadaladığımız bütün bu nemətlərlə yanaşı, Allaha olan yaxınlıqları, cənnət əhlinin sahib olacağı ən böyük və ən mühüm nemət olacaq. Peyğəmbərimiz (s.ə.v)-in bir çox hədisində, cənnətdəki möminlərin Allahdan lütf olaraq Onun Zatının təcəllasını görə biləcəklərindən bəhs edilir:
Cənnət əhli cənnətə girdiyi vaxt, Allah Təbarəkə və Təala belə buyuracaq: "Sizin üçün əlavə olaraq etməyimi istədiyiniz başqa şey vardırmı?"
"Sən bizim üzlərimizi dümağ etmədinmi? Bizi cəhənnəmdən xilas edib, cənnətə daxil etmədinmi; (bundan daha yaxşı və çox nə ola bilər ki?)" deyəcəklər.
Bundan sonra pərdə qaldırılacaq, onlara özlərinin Rəbbini görməkdən daha gözəl şey verilmədiyini başa düşəcəklər. [Büyük Hadis Külliyyatı-5, səh. 415/10130]
"Ey Allahın Rəsulu! Rəbbimizi görəcəyikmi?"
"Buludsuz bir havada ay işığında ayı görmək üçün bir-birinizi itələyərsinizmi?"
"Xeyr".
"Buludsuz bir gündə günəşi görmək üçün bir-birinizi itələyib bir-birinizə çətinlik törədərsinizmi?"
"Xeyr".
"Rəbbinizi də belə zəhmətsiz, problemsiz və açıq-aşkar şəkildə görəcəksiniz".… [(Buxari, Müslim, Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 416/10133]
Bir rəvayətə görə isə Peyğəmbərimiz (s.ə.v) bu mövzu ilə əlaqədar bu sözləri demişdir:
Cənnət əhli cənnətə girdikləri zaman, əməllərinin dərəcələrinə görə oraya yerləşəcəklər. Sonra onlara dünyadakı günlərdən cümə günü qədər bir müddətdə özlərinin Rəbbini ziyarət etmələrinə icazə veriləcək. Onlara Allahın ərşi göstəriləcək. Onlara cənnət bağçalarından bir bağçada görünəcək. Onlar üçün nur minbərləri, mirvari minbərləri, yaqut minbərləri, zəbərcəd (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) minbərləri, qızıl minbərləri və gümüş minbərləri ortaya qoyulacaq. Ən aşağı dərəcəli kəsləri belə (belə ki, içlərində aşağı dərəcəli biri yoxdur) müşk yığını üzərində oturacaq. Kürsü sahiblərinin onlardan daha üstün məclisləri olduğunu görməzlər... O məclisdə Allahın yanında olub, Onunla ünsiyyətdə olmayacaq heç kim yoxdur… [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 409-410/10100]
…Ədn cənnətində behiştliklərlə özlərinin Rəbbini görmələri arasında Allahın vəchindəki (üzündəki) böyüklük pərdəsindən başqa şey yoxdur. [(Buxari, Müslim, Tirmizi), Cennet 3, 2530]
Cənnət əhlinin Allahın hüzurunda olmaqdan ötrü duyduqları xoşbəxtlik isə bir hədisdə bu sözlərlə vurğulanmışdır:
Cənnət əhli Allahın hüzuruna iki dəfə daxil olar... Onlardan hər biri o məclisdə əməllərinə görə mirvari, yaqut, zümrüd, qızıl və gümüş minbərlər üzərində oturar. Gözləri heç vaxt bu qədər aydın olmamışdır... Bunu yenidən yaşamaq ümidi ilə sabahısı günü gözləyən halda yerlərinə qayıdarlar. [Ramuz el-Ehadis-1, səh. 120/3]

 

Allahın rizasını qazanmış olmaları

Allah cənnətdə özündən razı qaldığı bəndələrinə sonsuz nemət bəxş edir. Lakin iman edən möminlər üçün hər şeydən əhəmiyyətli olan, Allahın rizasını qazana bilmiş olmalarıdır. Möminlər dünyada mallarını, canlarını, sahib olduqları bütün imkanları Allaha yaxınlaşa bilmək və Onun rizasını qazana bilmək üçün ortaya qoymuş, bütün həyatlarını Ona həsr etmişlər. Cənnətdə isə həyatlarının bu məqsədinə nail olmağın təsviredilməz xoşbəxtliyini yaşayarlar. Bir ayədə Allahın rizasını qazanmağın nə qədər böyük nemət olduğundan belə bəhs edilir:
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə daha böyükdür. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur. (Tövbə surəsi, 72)
Quranda möminlərin cənnətdə hər şeydən razı qalacaqları isə bu ayələrlə bildirilir:
Ey mutmain (qane olmuş) nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq bəndələrimin cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)
Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən “içi titrəyərək qorxanlar” üçündür! (Beyyinə surəsi, 8)
Bir hədisdə cənnət əhlinin Allahdan razı qaldıqlarından belə bəhs edilir:
"Ey Rəbbimiz, buyur! Əmrinə hazırıq! Xeyir Sənin əlindədir!" deyərlər. Allah:
"Razı qaldınızmı?" deyə soruşar. Onlar:
"Ey Rəbbimiz! Razı qalmamaq nə həddimizə! Sən bizə başqa məxluqatına vermədiyin nemətlər verdin!" deyərlər. [(Buxari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 456-457/13]

 

Cəhənnəmdən xilas olmağın sevinci

Şübhəsiz ki, cənnət nemətlərinin hər biri ayrı-ayrılıqda çox mübarək və qiymətlidir. Xüsusən cəhənnəmin varlığı, cənnət əhlinin bu nemətlərdən aldıqları zövqü qat-qat artırar. Çünki axirətdə cənnət və cəhənnəmdən başqa insanların gedəcəyi başqa yer yoxdur. Dolayısilə Allahın cənnətinə qəbul etmədiyi bir insanın gedəcəyi yer cəhənnəmdir.
Allah dünyada insanlara yaxşı ilə pisi, gözəl ilə çirkini, xeyir ilə şəri eyni anda göstərir. Bu da iman edənlərin müqayisə aparmalarına və gözəllikdən aldıqları zövqün artmasına vəsilə olur. Allah, cənnət əhlinə, istədikləri təqdirdə, cəhənnəmdəkilərin vəziyyətini göstərərək, onların cənnətdən aldıqları zövqü artıra bilər (doğrusunu Allah bilər). Necə ki, cənnət əhlinin cəhənnəm əzabından Allahın rəhməti sayəsində xilas olmalarından duyduqları sevinc bir hədisdə belə xəbər verilir:
Cənnət əhlindən hər kəs cəhənnəmdəki yerini görüb; "ya, Allah mənə hidayət verməsəydi?" deyər və bu onun şükür etməsinə vəsilə olar... [Ramuz el-Ehadis-2, səh. 342/1]
Möminlərin içində olduqları bu böyük rəhməti və neməti xəbər verən digər bir hədis isə belədir:
...Cənnətə girib, cəhənnəmdən xilas olmaq, nemətin hamısındandır. [Ramuz el-Ehadis-2, səh. 449/6]
Cənnət əhlinin bu sevincləri Quranda belə xəbər verilir:
...Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət verməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Andolsun, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 43)
Həmçinin möminlər istədikləri zaman cəhənnəm əhlinin ibrətamiz vəziyyətini, dünyada etdikləri əməllərin qarşılığını necə aldıqlarını görə də bilər. Allah Quranda cənnət əhli cəhənnəm əhli ilə arasında keçən danışıqları belə bildirir:
Onlar cənnətlərdə bir-birlərindən günahkarlar barəsində soruşacaqlar. Sizi cəhənnəmə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. (Batilə və ehtiraslara) Dalanlarla biz də dalardıq; din gününü (haqq-hesab və cəza) yalan hesab edirdik. Nəhayət qəti həqiqət olan ölüm bizə gəlib çatdı". (Müddəssir surəsi, 40-47)