Mövzular

Cənnətdəki zənginlik və bolluq

Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə zənginlik hər dövrdə güc və etibarın simvolu olmuş və insanların həyatları boyu adətən birinci dərəcəli hədəflərindən biri olmuşdur. Bunun səbəblərindən biri iman etməyən insanların çox vaxt, təkcə zəngin olduqları təqdirdə həqiqi mənada xoşbəxt ola biləcəklərini düşünmələridir. Bu kəslər sahib olduqları şeyləri təkcə bu yolla zəmanət altına ala biləcəklərini, rahatlığı, hüzuru və xoşladıqları gözəl şeyləri də bu yolla əldə edə biləcəklərini zənn edərlər. Dolayısilə bütün ömürləri boyu mal-mülk əldə etmək, pul yığmaq və məqsədəuyğun sərmayələr qoymaq üçün səy göstərərlər. Eyni zamanda da bir gün bitəcəyi, tükənəcəyi narahatlığından ötrü sahib olduqları bu malları, əşyaları istifadə etməkdən, pulları xərcləməkdən mümkün qədər çəkinər, sərvətlərinin daimi olması üçün hər üsulu tətbiq edərlər.
Lakin dünya şərtlərində nə qədər çalışılsa da, sahib olunan zənginlik insanın ruhunda gözlənildiyi kimi zövq meydana gətirməz. Bəzi sahələrdə insana rahatlıq versə də, qüsurlarla, əskiklərlə dolu dünya şərtlərində yaşanan zənginlik də təkcə buna uyğun ölçüdədir. Necə ki, "dünya" sözü ərəbcədəki "deniy" sözündən meydana gəlmişdir. Bu söz isə alçaq, dəyərsizləşmiş, bəsit, dəyərsiz kimi mənalara gəlir.
Allahın dünyanı belə əskik, qüsurlu və müvəqqəti kimi sifətlərlə yaratmasının bir hikməti də, insanların cənnətdəki gözəlliklərin dəyərini daha yaxşı təqdir edə bilmələrini təmin etmək ola bilər. Bunu belə bir nümunə üzərində düşünə bilərik: uşaqlığından etibarən yoxsulluq içində yaşayan bir insan, olduqca ehtişamlı əşyaların olduğu, dəyəri ölçülə bilməyəcək qədər çox gözəl incəsənət əsərlərinin olduğu, aztapılan qidalardan ibarət olan nemətlərin təqdim edildiyi, qiymətli daşlarla bəzənmiş bir məkana dəvət edilsə, qarşılaşdığı bu mühitin gözəlliyi ona çox təsir edəcək və xeyli coşacaq. Şübhəsiz ki, insanın aldığı bu zövq və keçirdiyi həyəcan hissi uşaqlığından etibarən bu mühitdə yaşayan bir insana nəzərən xeyli çox olacaq. Bizim dünyadakı mövqeyimiz də müəyyən mənada bu yoxluq və yoxsulluq içindəki insanın vəziyyətinə bənzədilə bilər. Lakin burada ifadə etmək lazımdır ki, dünyadakı ən zəngin insan belə, cənnət şərtləri nəzərə alındıqda kasıb insandır. Üstəlik, insan dünya şərtlərində bu zənginliyə də həqiqi mənada heç vaxt sahib ola bilməz. Çünki dünyanın ən zəngin insanı da olsa sonunda bir neçə metr bezə sarılaraq torpağa basdırılacaq, beləliklə də, sahib olduğu hər şeyi, bütün sərvətini geridə qoyacaq. Allah bir ayədə dünyadakı nemətlərin müvəqqəti olduğunu belə bildirir:

Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona qadir olduqlarını güman etdikləri vaxt, gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən insanlar üçün beləcə bir-bir izah edirik. (Yunis surəsi, 24)
Cənnət mühitində bəxş edilən zənginlik dünya şərtlərinin əksinə insanların ürəklərinin istədiyi kimi yaşayacaqları, heç vaxt bitmə, tükənmə narahatlığı keçirməyəcəkləri əbədi zənginlikdir. Necə ki, Quranda bildirilən; "hara baxsan, nemət və böyük mülk görərsən" (İnsan surəsi, 20) ayəsiylə cənnətdəki bu zənginliyə diqqət çəkilmişdir.
İncildə də cənnət xüsusiyyəti olaraq bolluq təsvir edilir:
Sizdə olanı verin, sizə veriləcəkdir. Yaxşı şəkildə basdırılmış, silkələnmiş və daşmış, dolu bir qabla qucağınıza boşaldılacaq. Hansı qabla versəniz, eyni qabla alacaqsınız. (Luka, 6-cı hissə, 38)
Cənnətdəki zənginlik, Allahın sonsuz gözəllikdəki sənətinin təcəllalarını və göz qamaşdıran böyük ehtişamı əhatə edən, ən yaxşı estetik xüsusiyyətləri və uyğunluğu təqdim edən zənginlikdir. Həmçinin də bütün bu gözəlliklər möminlərin istək və arzularına ən çox xitab edən halı ilə bəxş edilir. Çünki zənginlik, təkcə bu yolla gözəlliklərə çevrildiyi təqdirdə insan ruhuna zövq verən məna qazanar.
Sonrakı səhifələrdə "cənnətdəki məkanlarının gözəlliyi" başlığı altında verilən bir çox hədis, eyni zamanda cənnətdəki zənginliyi də vurğulayır. Çünki, bu məkanların gözəlliyi, estetik olmalarıyla yanaşı bəzədilmələri üçün istifadə edilən vəsaitlərin çox qiymətli olmalarından da irəli gəlir. Peyğəmbərimiz (s.ə.v) bir hədisdə, cənnətin tikilməsində hansı vəsaitlərdən istifadə olunduğunu soruşan bir insana belə cavab vermişdir:
Gümüş kərpicdən və qızıl kərpicdən! Qarışığı da qoxulu müşkdən. Cənnətin çınqılları inci və yaqut, torpağı isə zəfərandandır... [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]
Yadda saxlanılması lazım olan başqa şey isə; cənnət əhli üçün vəd edilən zənginliyin həddi-hüdudu olmayan, bitmə, tükənmə narahatlığının yaşanmadığı bolluqda olmasıdır.

 

Cənnət xəzinələri

Hədislərdə bəhs olunan xəzinələr də cənnətdəki möhtəşəm zənginliyi vurğulayar. Bu zənginliyi düşünərkən bunun çox qüdrətli, mülkünün sonu olmayan Allahın əsəri və təcəllası olduğu, Rəbbimizin istədiyi bəndələrinə bu nemətləri verdiyi unudulmamalıdır. Peyğəmbərimiz (s.ə.v) bu həqiqəti bu sözləriylə xatırlatmışdır:
Sənə ərşin altından, cənnət xəzinələrindən bir sözə dəlalət edimmi? Belə deyərsən: "La havlə vəla qüvvətə İlla Billah" (Allahdan başqa nə məhrum edəcək, nə də verəcək bir güc var) Onda Allah buyurar ki: "Qulum təslim oldu və nicat tapdı". [Ramuz el-Ehadis-1, səh. 166/3]
Dünyadakı zənginlik eynilə insanın sahib olduğu digər hər şey kimi əbədi və daimi deyil. Bir insan nə qədər zəngin olsa da, bu zənginliyi təkcə bir neçə on il davam edəcək. Bundan daha artığına hər şeydən əvvəl insanın öz ömrü çatmaz. Buna görə də iman etməyən kəslərin dünyadakı ən böyük hədəflərindən birini təşkil edən, onların həris xarakterə bürünmələrinə səbəb olan varlanma hərisliyi çox qısa müddət davam edər. İncildə də dünya sərvətinin müvəqqəti olduğu, əsil əbədi olanın isə cənnətdəki xəzinələr olduğu və bu səbəblə də iman edənlərin axirət üçün səy göstərmələrinin lazım olduğu yazılmışdır:
Yer üzündə özünüzə xəzinələr toplamayın. Burada güvə və pas onları yeyib yox edər, oğrular da girib oğurlayarlar.Bunun əvəzinə özünüzə göydə xəzinələr toplayın. Orada nə güvə, nə pas onları yeyib yox edər, nə də oğrular girib oğurlayar. Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq. (Matta, 6-cı hissə, 19-21)
Eyni zamanda nə qədər böyük zənginlikdən söhbət getsə belə, lazım gəldikdə buna müəyyən dəyər biçə bilmək, nəticəni rəqəmlərlə ifadə edə bilmək mümkündür. Halbuki cənnət nemətləri dəyəri ölçülə bilməyəcək qədər böyük gözəlliyə və xüsusiyyətlərə malikdir və Allahın razı olduğu qullarına hesabsız şəkildə verilər. Allah Quranda; "bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir" (Sad surəsi, 54) ayəsiylə cənnət nemətlərinin bu xüsusiyyətlərini bildirmişdir. Başqa bir ayədə isə Allah; "tükənib azalmayan və qadağan edilməyən (meyvələr)" (Vaqiə surəsi, 33) deyə buyuraraq cənnətdəki qidaların da eyni xüsusiyyətə sahib olduqlarını bildirir. Allahın bildirdiyi kimi cənnət nemətləri tükənməz, azalmaz və yox olmaz. Bu nemətlər cənnət əhlinə həmişə verilər. Cənnət xəzinələri, şübhəsiz ki, Allahın iman edən qullarına cənnətdə təqdim edəcəyi nemətlərdəndir. Bütün mülkün sahibi olan Allah, cənnəti üçün seçdiyi qullarına bu xəzinələri hesabsız şəkildə, sonsuza qədər verəcək.

 

Cənnətdəki mülkün bolluğu

Mülkün, zənginliyin hesabsız şəkildə bol olması cənnətə məxsus xüsusiyyətdir. Peyğəmbərimiz (s.ə.v) hədislərində, cənnətdəki mülkün bolluğu ilə əlaqədar belə buyurmuşdur:
Cənnətdə ən aşağı dərəcəyə sahib olan kimsənin cənnətdəki mülkünün tamaşası (seyr etməsi, gəzməsi) iki min il çəkər və bu mülkün ən uzaq qismini ən yaxın kimi görər... [Ramuz el-Ehadis-1, səh. 113/8]
Əgər cənnətdə olan şeylərdən bir dırnaq ölçüsündə hər hansı şey görünsəydi yerlə göy arasını başdan-başa bəzəyərdi. Əgər cənnət əhlindən biri görünüb bilərziklərini göstərsəydi, Günəşin ulduzların işığını kölgədə qoyduğu kimi Günəşin işığını kölgədə qoyardı. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10096]
Hədisdə də diqqət çəkildiyi kimi cənnətdəki nemətlərin çox az hissəsi belə dünya ölçüləri ilə müqayisə edildikdə çox möhtəşəm böyüklüyü əks etdirir. Yuxarıdakı hədislərdən birində bilərziklərin ulduzlardan daha parlaq olduqları ifadə edilərək göz qamaşdırıcı olduqlarına diqqət çəkildiyi halda, başqa bir hədisdə isə cənnət əhlinin zinətlərinin dirsəklərə qədər gəlib çıxmasına diqqət çəkilərək, yenə buradakı bolluq vurğulanır:
Cənnət əhlinin zinətləri, dəstəmaz suyunun çatdığı yerlərə kimi çatar. [Ramuz el-Ehadis-1, səh. 247/7]

 

Qiymətli daşların və filizlərin bolluğu:

Allah, Quranda bildirdiyi; "onlar diqqətlə bəzənmiş ləl-cəvahiratlı taxtlar üstündədirlər" (Vaqiə surəsi, 15) "Ədn cənnətləri (onlarındır); oraya girərlər, orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər..." (Fatir surəsi, 33) ayələriylə cənnətdə müxtəlif ləl-cəvahiratlar və qiymətli daşların olmasına diqqət çəkir. Cənnətlə əlaqədar Quranda və hədislərdə bəhs olunan ləl-cəvahiratlar, bəşəriyyət tarixində həmişə zənginlik və ehtişamın simvolu olmuşdur. Çox qiymətli olan bu ləl-cəvahiratlar az hallarda rast gəlinən gözəlliyə sahibdirlər. Almaz, mirvari, yaqut, qızıl, gümüş kimi zinətlər bütün insanların bəyəndikləri, bunlarla bəzənmiş əşyaları görməkdən zövq aldıqları gözəlliklərdir.
Cənnət neməti olaraq mirvaridən bəhs edilən hədislərdən bir neçəsi belədir:
...Behiştliklərin başında tac var. Tacdakı tək bir mirvari belə, məşriq (şərq) ilə məğrib (qərb) arasını işıqlandırar. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]
Qadının boynundakı mirvarilərdən biri qərblə şərq arasını işıqlandırar... Başında olan tacların ən kiçik mirvarisi də yenə şərqlə qərb arasını işıqlandırar. [Ramuz el-Ehadis-1, səh. 99/8]
Mirvari, cənnətdəki nemətlərin görülməmiş dəyərlərini vurğulamaq baxımından mühüm nümunədir. Mirvarinin çıxarıla bilməsi üçün, təhlükəli dənizlərdə bir çox dəfə dərinliklərə daxil olmaq lazımdır. Üstəlik, çox sayda toplanan istiridyənin az hissəsində bu qiymətli zinətə rast gəlinər. Bu kiçik daşın gözəlliyi ilə yanaşı onu dəyərli edən başqa xüsusiyyət də yuxarıda bəhs etdiyimiz kimi böyük zəhmətlər nəticəsində əldə edilməsidir.
Dünyada əldə etmək üçün xeyli vaxt, zəhmət və xərc tələb edən bu qiymətli daş axirətdə bol miqdarda olacaq. Olduqca qiymətli, aztapılan bir gözəlliyin bol olması, şübhəsiz ki, insan ruhunda fərqli həyəcan meydana gətirəcək. Həmçinin ayələrdə bildirilən cənnət nemətləri bizim təsəvvür etdiyimizdən çox fərqli gözəlliklərdə ola bilər. Hədislərdə də; "şərqlə qərb arasını işıqlandıracaq parlaqlıqda olan bir mirvari"dən bəhs edilərkən, bizim belə bir mirvarinin parlaqlığını, valehedici xüsusiyyətini təsəvvür etməyimiz qeyri-mümkün ola bilər.